
Bəzən insanın dəyəri onun tutduğu vəzifə ilə yox, gördüyü işə qatdığı vicdanla, səbrlə və ürək genişliyilə ölçülür. Fəaliyyət göstərdiyi, çoxlarının sadəcə “çayxana” deyib keçdiyi o məkanda Vüsalə xanım məhz bu dəyərlərin canlı nümunəsidir. Onun şirin zarafatları, yerində deyilmiş xoş sözləri, qayğılı nəvazişi ora yolu düşən hər kəsin ruhunu oxşayır. El arasında onu ofisiant kimi tanısalar da, əslində Vüsalə xanım orada insana xidmət etməyin nə demək olduğunu ləyaqətlə nümayiş etdirən bir qadındır.
Əlinin dadı var Vüsalə xanımın. Hazırladığı hər çayda, süfrəyə qoyduğu hər çörəkdə zəhmətin, halal qazancın və səmimiyyətin dadı hiss olunur. Amma onun ən böyük keyfiyyəti insani münasibətidir – kiməsə yuxarıdan-aşağı yox, bərabər gözlə baxmağı bacaran, hər kəsə hörmətlə yanaşan bir ürəyə sahibdir. Yorğunluğunu çox vaxt gizlədən, gülümsəməyi unutmayaraq işini görən qadınlardandır Vüsalə xanım.
Ana kimi xoşbəxt olan Vüsalə xanıma həyat qadın xoşbəxtliyini yaşatmağı nəsib etməyib. Bəlkə də Vüsalə xanım “xoşbəxt qadın” anlayışının nə olduğunu kitabdan oxuyub, başqalarının həyatında görüb. Amma o, taleyin ona verdiyi ilə barışmağı, şikayət etmədən yaşamağı seçib. Çünki onun bütün həyatı, bütün nəfəsi tək övladı – balaca Mələyə bağlıdır. Vüsalə xanım həyatını Mələyin sağlam, xoşbəxt və ləyaqətli böyüməsinə həsr edir. Öz arzularını, öz istəklərini çox zaman arxa plana atıb, balasının gələcəyini önə çəkib.
Ən ağır məqam isə budur ki, bu gün cəmiyyətdə ailəsində sözü keçməyən, öz daxili boşluqlarını başqalarını alçaltmaqla doldurmağa çalışan bəzi kişiciyəzlərin həmin işdə çalışan qadınlara yuxarıdan aşağı baxmasının şahidi oluruq. Əksik xarakterlərinə baxmayaraq, onların qarşısına çay-çörək qoymalı, dediklərinə “baş üstə” deməli olur. Bu, hər qadın üçün ağırdır. Amma Vüsalə xanım bütün bu haqsız baxışlara, səssiz hörmətsizliklərə,ikiüzlü münasibətlərə,tənəli baxışlara baxmayaraq, içindən “Hər şey balam Mələyimə qurban olsun!” deyərək səbr edir, dözür, sınmamağı bacarır.
Məhz bu səbr, bu dözüm, bu ana iradəsi məni Vüsalə xanımın zəhmətsevərliyi və mərdliyi haqqında yazmağa vadar etdi. Çünki mərdlik təkcə səs qaldırmaqda yox, bəzən susaraq ayaqda qalmaqda, övladı üçün hər əzaba qatlaşmaqda özünü göstərir. Vüsalə xanım kimi qadınlar səssiz qəhrəmanlardır – görünmədən böyük yük daşıyan, cəmiyyətin görünməyən sütunlarıdır.
Balaca Mələyin sabahkı gülüşündə, uğurunda və xoşbəxtliyində anasının bu səssiz, amma, müqəddəs zəhmətinin izi mütləq olacaq. Vüsalə xanımın hekayəsi bir daha sübut edir ki, insanın böyüklüyü etdiyi işdə yox, göstərdiyi səbrdə, qoruduğu ləyaqətdə,mənliyində və daşıdığı ana qəlbində gizlidir.
Vüsalə xanım,hər zaman özünüz olmaqdan,sizə olmadığınız kimi baxanlara susaraq cavab verməkdən heç bir zaman çəkinməyin. Qoy sizə yaraşmayan baxışlarla baxan özlərini kişi hesab edən kişiciklər utansınlar və unutmasınlar ki, yuxarıdan aşağı baxmaq Uca Allaha məxsusdur və heç kimsə həyatda heç nədən sığortalanmayıb.