
Azərbaycanın qədim və zəngin tarixi olan bölgələrindən biri də qəhrəmanlar, ziyalılar, elm adamları, vətənpərvər oğullar yetirən, təbiətin bütün gözəlliklərini özündə birləşdirən gözəl diyar – Tovuz rayonudur. Füsunkar təbiəti, uca dağları, gur bulaqları, saf havası, gəzməli-görməli məkanları, qədim adət-ənənələri və hər zaman qonaqpərvər insanları ilə seçilən bu müqəddəs torpaq Azərbaycanın ən gözəl guşələrindən biridir.
Tovuz təkcə təbiət gözəllikləri ilə deyil, həm də yetirdiyi vətənpərvər insanları, ziyalıları, dövlətinə bağlı övladları ilə tanınır. Bu torpaq hər zaman dövlətinə, xalqına sədaqətlə xidmət edən şəxsiyyətlər yetişdirib. Xüsusilə 44 günlük Vətən müharibəsində Tovuzun qəhrəman oğulları böyük şücaətlər göstərərək torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etdilər. Şəhidlik zirvəsinə ucalan igidlərimizin qəhrəmanlığı bir daha sübut etdi ki, Tovuz torpağı qəhrəmanlar yurdudur, vətən sevgisinin müqəddəs ünvanıdır.
Belə bir müqəddəs torpağın yetirdiyi dəyərli insanlardan biri də Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yeri olan, dövlətə və dövlətçiliyə sədaqətli xidməti ilə seçilən, Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı, Aydın Hüseynovdur.
1962-ci il fevralın 12-də Tovuz rayonunun Çatax kəndində dünyaya göz açan Aydın Nəsir oğlu Hüseynov uşaqlıq illərindən zəhmətsevərliyi, məsuliyyət hissi və elmə olan marağı ilə seçilmişdir. Doğulduğu torpağın saf mənəvi dəyərləri, ailə tərbiyəsi və kənd mühitinin zəngin həyat məktəbi onun xarakterinin formalaşmasında mühüm rol oynamışdır.
Ali təhsilini yüksək səviyyədə davam etdirən Aydın Hüseynov əvvəlcə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini, daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirmişdir. Riyazi düşüncə tərzi ilə iqtisadi biliklərin bir şəxsiyyətdə birləşməsi onun gələcək peşəkar fəaliyyətində böyük uğurlar qazanmasına zəmin yaratmışdır. Rus dilini bilməsi isə beynəlxalq əlaqələrdə və müxtəlif platformalarda fəaliyyətində ona əlavə üstünlüklər qazandırmışdır.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda başlayan Aydın Hüseynov sonrakı illərdə müxtəlif məsul vəzifələrdə çalışaraq özünü peşəkar, prinsipial və dövlət maraqlarını hər zaman üstün tutan bir şəxsiyyət kimi təsdiq etmişdir. Azərbaycan LKGİ Qaradağ rayon komitəsində komsomol katibi, təşkilat şöbəsinin müdiri, daha sonra bank-maliyyə sistemində müxtəlif rəhbər vəzifələrdə fəaliyyəti onun idarəçilik təcrübəsini daha da zənginləşdirmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində uzun illər ərzində mühüm vəzifələrdə çalışması, Bakı şəhəri Qaradağ, Sumqayıt və Səbail rayon maliyyə idarələrinə rəhbərlik etməsi, Dövlət Xəzinədarlığı Agentliyində məsul postlarda fəaliyyət göstərməsi onun iqtisadi və maliyyə idarəçiliyində qazandığı böyük təcrübənin göstəricisidir.
Bu gün də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri kimi fəaliyyət göstərən Aydın Hüseynov dövlətçilik ideyalarının təbliği, vətəndaşlarla sıx təmas və ictimai məsələlərin həllində fəallığı ilə seçilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvü kimi ölkəmizin iqtisadi inkişafına xidmət edən qanunvericilik təşəbbüslərində yaxından iştirak edən Aydın Hüseynov, eyni zamanda Belarus, Çin, İsveçrə, Kanada, Qətər, Latviya, Malta, Özbəkistan və Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarında fəaliyyət göstərərək Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafına töhfələr vermişdir.
2024-cü il oktyabrın 8-də Azərbaycan–Banqladeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilməsi də ona göstərilən yüksək etimadın bariz nümunəsidir.
“Aydın” adı öz mənasında nur, işıq, aydın düşüncə və düzgün yol anlamını daşıyır. Maraqlıdır ki, Aydın Hüseynov öz xarakterində də bu adın mənasını yaşadan insanlardan biridir. İnsanlarla münasibətdə səmimiliyi, problemlərə həssas yanaşması, dövlət maraqlarını şəxsi maraqlardan üstün tutması onun həyat yolunun əsas xüsusiyyətlərindəndir.
Fevral ayında, Dolça bürcü altında dünyaya gələn insanlar haqqında müdriklərin və psixoloqların fikirlərində onların yenilikçi, düşüncəli, humanist, uzaqgörən və cəmiyyətə faydalı olmaq hissi ilə seçildiyi vurğulanır. Bu xüsusiyyətlərin Aydın Hüseynovun fəaliyyətində də öz əksini tapdığını görmək mümkündür. O, yalnız bir deputat və ictimai-siyasi xadim deyil, həm də insanların problemlərinə biganə qalmayan, sosial həssaslığı ilə seçilən ziyalı şəxsiyyətdir.
Dahi Heydər Əliyev ideyalarına daim sadiqliyi, dövlətçilik prinsiplərinə bağlılığı Aydın Hüseynovun fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. O, ümummilli liderin dövlətçilik məktəbini öz işində hər zaman rəhbər tutmuş, bu gün də həmin siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini dəstəkləyən ictimai-siyasi xadimlərdən biri kimi tanınmışdır.
Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mahiyyətini dərindən anlayan Aydın Hüseynov hər zaman aztəminatlı ailələrin yanında olmağa çalışmış, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı göstərməyi özünün mənəvi borcu hesab etmişdir. Xalqın içində olmaq, vətəndaşların problemlərini dinləmək və onların həlli istiqamətində dəstək göstərmək onun fəaliyyətində xüsusi yer tutur.
Eyni zamanda ailə dəyərlərinə bağlı olan Aydın Hüseynov ailəlidir, iki övlad atasıdır. Bu da onun həyatında məsuliyyət, mənəvi dəyərlər və ailə institutuna verdiyi önəmin göstəricilərindən biridir.
Bu gün geriyə baxanda aydın görünür ki, Tovuz torpağının yetirdiyi belə ziyalı, təcrübəli və dövlətinə sədaqətli insanlar Azərbaycanın inkişaf yolunda mühüm rol oynayırlar. Dövlətə və dövlətçiliyə xidmət etməyi həyat amalına çevirən Aydın Hüseynovun keçdiyi həyat yolu zəhmətin, vətən sevgisinin, xalqa bağlılığın və dövlətə sədaqətin parlaq nümunəsi kimi dəyərləndirilə bilər.