Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi yarandığı gündən etibarən ölkəmizdə təhsil işçilərinin sosial-iqtisadi hüquqlarının müdafiəsi, onların əmək şəraitinin yaxşılaşdırılması, peşə nüfuzunun yüksəldilməsi, elm və təhsilin inkişafına dəstək göstərilməsi istiqamətində mühüm xidmətlər göstərən nüfuzlu ictimai təşkilatlardan biridir. Bu təşkilat təkcə müəllimlərin və təhsil işçilərinin hüquqlarının qorunması ilə kifayətlənmir, eyni zamanda onların sosial rifahının yaxşılaşdırılması, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına xidmət edən layihələrin həyata keçirilməsində də yaxından iştirak edir.
Elm və təhsil hər bir dövlətin gələcəyini müəyyən edən əsas sütunlardır. Bu müqəddəs sahədə çalışan ziyalı insanlar isə cəmiyyətin mənəvi dayağı, xalqın gələcəyini yetişdirən ən qiymətli şəxsiyyətlərdir. Məhz belə ziyalıların fəaliyyəti nəticəsində Azərbaycan təhsil sistemi bu gün də inkişaf edir, yeni nailiyyətlər qazanır və gələcəyə inamla addımlayır.
2714 illik zəngin tarixə malik, öz qədimliyi, gözəlliyi, zəngin mədəniyyəti, elm və təhsil ənənələri ilə hər zaman seçilən Şəki torpağı Azərbaycanın ən dəyərli ziyalılarını yetişdirən müqəddəs məkanlardan biridir. Bu qədim diyar tarix boyu elmimizə, mədəniyyətimizə, ədəbiyyatımıza və təhsilimizə saysız-hesabsız görkəmli şəxsiyyətlər bəxş etmişdir.
Bu gün də həmin ənənəni layiqincə yaşadan ziyalılardan biri haqqında danışmaq istəyirəm.
Söhbət sadəliyi, səmimiyyəti, təmiz qəlbi, yüksək mədəniyyəti və insanlara olan sonsuz hörməti ilə seçilən, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət xanım Xasıyevadan gedir.
Elə bir ziyalıdan ki, bu gün Azərbaycanın məhz belə vətənpərvər, ziyalı, humanist və dövlətinə sədaqətlə xidmət edən insanlara böyük ehtiyacı var. Böyüyə böyük, kiçiyə kiçik kimi münasibət göstərən, insanlara vəzifəsinə görə deyil, şəxsiyyətinə görə dəyər verən, hər zaman özü olaraq qalan, səmimiyyətini və sadəliyini qoruyan Ziyafət xanım Xasıyeva fəaliyyətində insan amilini hər şeydən üstün tutur.
Onun əsas məqsədi gələcəyimiz olan uşaqların, gənclərin savadlı, milli ruhda böyüməsi, müəllimlərin əməyinin yüksək qiymətləndirilməsi və təhsil işçilərinin sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər, müəllimlərə göstərdiyi diqqət və qayğı, həmkarlarına olan səmimi münasibəti onu hər kəsin hörmət bəslədiyi ziyalılardan birinə çevirib.
"Ziyafət" adı Azərbaycan xalqının ən gözəl adlarından biridir. Bu ad bolluq, bərəkət, səxavət, qonaqpərvərlik, paylaşmaq, insanlara sevinc bəxş etmək kimi dəyərləri ifadə edir. Adın daşıdığı mənəvi yük insanlar arasında birlik, mehribanlıq və xeyirxahlığın rəmzi kimi qəbul olunur. El arasında belə bir inam da var ki, gözəl ad insanın taleyinə və xarakterinə müsbət təsir göstərir. Məhz buna görə də belə adlar seçilmiş, mənəviyyatı zəngin insanlara yaraşır.
Ziyafət xanım Xasıyevanın həyat yolu da sanki adının daşıdığı mənəvi dəyərlərin təcəssümüdür. Onun insanlara göstərdiyi qayğı, xeyirxahlıq, səmimiyyət və vətənə bağlılığı bu adın mahiyyəti ilə ahəng təşkil edir.
Ömrünün ən gözəl illərini elmə, təhsilə, müəllim nüfuzunun yüksəldilməsinə, insanlara xidmətə həsr edən Ziyafət xanım Xasıyeva zəngin biliyi, yüksək idarəçilik bacarığı, peşəkarlığı və həyat təcrübəsi ilə həmkarları arasında böyük hörmət qazanmışdır. O, fəaliyyətində daim yeniliyə üstünlük verən, gələcəyə hesablanmış təşəbbüsləri dəstəkləyən, təhsilimizin inkişafını hər zaman diqqət mərkəzində saxlayan ziyalılardandır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri kimi onun fəaliyyəti yalnız təşkilati məsələlərlə məhdudlaşmır. O, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həllinə dəstək göstərilməsi, təhsil sahəsində çalışan insanların rifahının yüksəldilməsi və gənc nəslin daha sağlam gələcəyi naminə həyata keçirilən tədbirlərdə yaxından iştirak etməklə cəmiyyətə nümunə göstərir.
Belə ziyalı insanların fəaliyyəti dövlətimizin elm və təhsil siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfə verir. Çünki müəllimə dəyər verilən cəmiyyətdə gələcək də güclü olur.
Fürsətdən istifadə edərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri, hörmətli Ziyafət xanım Xasıyevaya gələcək fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji və həyata keçirdiyi bütün xeyirxah təşəbbüslərdə müvəffəqiyyətlər arzulayırıq.
Arzu edirik ki, elm və bilik naminə atdığı hər bir addım uğurla nəticələnsin, müəllimlərimizin rifahı naminə gördüyü şərəfli və gərəkli işlər daim xeyir gətirsin, Uca Allah onu qorusun, Vətənimizə və Azərbaycan təhsilinə xidmət yolunda uzun ömür, möhkəm iradə və tükənməz qüvvə nəsib etsin.
Çünki belə ziyalı insanlar xalqın mənəvi sərvəti, dövlətin isə ən qiymətli dayaqlarından biridir.