Gündəm
242
6-09-2026, 22:47

Ağcabədidə qalmaqal: Meşəbəyi ağacları qıraraq öz fermasına su kanalı çəkib? — İddialar nə dərəcədə həqiqəti əks etdirir?

 “Kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... Siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız”.
Ulu öndər Heydər Əliyevin bu fikirləri Azərbaycanda ətraf mühitin və yaşıllıqların qorunmasına dövlət münasibətinin mahiyyətini ifadə edən mühüm çağırışlardan biridir. Ulu Öndər çıxışlarının birində də vurğulayırdı ki, insan qurmalı, yaratmalı, ağac əkməli, onu becərməli və böyütməlidir.
Məhz bu baxış bucağından yanaşdıqda son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında Ağcabədi rayonunda meşə təsərrüfatı ərazisi ilə bağlı yayılan iddialara münasibət bildirmək zərurəti yaranır.
Mövzu artıq ictimai müzakirə predmetinə çevrilib. Yazılan materiallarda Ağcabədi rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan meşə təsərrüfatı ərazisində qanunsuzluqların baş verdiyi, meşəlik sahənin şəxsi təsərrüfata çevrildiyi, ağacların məhv edilməsi hesabına su kanalı çəkildiyi və həmin ərazidə mal-qara saxlanıldığı iddia olunur.
Lakin burada mühüm bir məqamı xüsusi qeyd etmək lazımdır: iddia faktın özü demək deyil. Hər bir belə məlumatın obyektiv şəkildə araşdırılması, yerində baxış keçirilməsi, müvafiq sənədlərin və xəritələrin öyrənilməsi, ağacların hansı səbəbdən və hansı icazə əsasında götürüldüyünün müəyyənləşdirilməsi və nəticənin ictimaiyyətə açıqlanması ən doğru yoldur.
Mənim diqqətimi çəkən əsas məqamlardan biri isə sözügedən yazılarda müraciət edən şəxsin keçmiş meşə təsərrüfatı işçisi kimi təqdim olunmasıdır.
Burada təbii olaraq bir sıra suallar meydana çıxır.
Əgər iddia olunduğu kimi, meşəlik ərazidə uzun müddət ərzində ciddi qanunsuzluqlar baş verib, dövlət meşə fonduna aid ərazidən şəxsi məqsədlər üçün istifadə olunub və ağaclar məhv edilibsə, həmin şəxs meşə təsərrüfatında çalışdığı dövrdə niyə bu məsələləri aidiyyəti qurumların qarşısında qaldırmayıb?
Nə üçün bu iddialar məhz əmək fəaliyyətindən uzaqlaşdıqdan sonra ictimailəşdirilir?
Əgər keçmiş əməkdaşın dedikləri araşdırma nəticəsində təsdiqlənərsə, o zaman haqlı olaraq sual yaranacaq: həmin şəxs bu halları vaxtında bildiyi halda niyə susub?
Əksinə, əgər araşdırma nəticəsində səsləndirilən iddiaların əsassız olduğu müəyyən edilərsə, bu zaman məsələ daha başqa müstəvidə qiymətləndirilməlidir.
Çünki dövlət meşə fondu, ekologiya və ətraf mühit məsələləri şəxsi münasibətlərin, işdən ayrılmanın və ya hansısa narazılığın predmetinə çevrilməməlidir. Burada əsas meyar qanun, dövlət əmlakının qorunması və ictimai maraq olmalıdır.
Bu baxımdan keçmiş əməkdaşın fəaliyyətdə olduğu dövrdə qanun pozuntusu hesab etdiyi halları vaxtında aidiyyəti qurumlara bildirməsi, faktları sənədləşdirməsi və onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə çalışması, şübhəsiz ki, daha məsuliyyətli və prinsipial mövqe olardı.
Bu gün həmin şəxsin irəli sürdüyü iddiaların onun əmək fəaliyyətindən uzaqlaşdırılması və ya iş münasibətlərinin hansısa səbəbdən dəyişməsi ilə bağlı olub-olmaması barədə isə yalnız aidiyyəti qurumların araşdırmasından sonra nəticə çıxarmaq mümkündür.
Digər tərəfdən, yazılarda adı çəkilən Ağcabədi Meşə İdarəsinin rəhbəri Rövşən Camalxanovun fəaliyyətinə münasibətdə də obyektivlik qorunmalıdır. Bir şəxsin adı hər hansı iddiada hallandığı üçün onun avtomatik olaraq günahkar elan edilməsi nə hüquqi, nə də jurnalist prinsiplərinə uyğun yanaşmadır.
Rövşən Camalxanovun iş fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndirənlər onun məsuliyyətli rəhbər kimi fəaliyyət göstərdiyini, meşə təsərrüfatına və ona həvalə olunan sahəyə ciddi münasibət bəslədiyini bildirirlər. Bu baxımdan onun da mövqeyinin dinlənilməsi, məsələyə münasibətinin öyrənilməsi və mövcud iddialara cavabının ictimaiyyətə təqdim olunması vacibdir.
Çünki peşəkar jurnalistikanın əsas prinsiplərindən biri yalnız bir tərəfin mövqeyini təqdim etmək deyil, qarşı tərəfə də özünü müdafiə etmək və mövqeyini bildirmək imkanının yaradılmasıdır.
Rövşən Camalxanovun fəaliyyəti haqqında danışarkən isə dövlətçilik prinsipini, qanunun aliliyini və Ulu Öndər Heydər Əliyevin ekologiya siyasətini rəhbər tutmağın vacibliyini xüsusi vurğulamaq yerinə düşər.
Heydər Əliyev ağacların qorunmasını sadəcə ekoloji məsələ kimi deyil, dövlətə, xalqa və gələcək nəsillərə münasibətin göstəricisi kimi qiymətləndirirdi. Onun rəhbərliyi dövründə Azərbaycanda yaşıllaşdırma istiqamətində genişmiqyaslı işlər həyata keçirilib və bu siyasət sonrakı illərdə də davam etdirilib.
Belə bir dövlət siyasətinin mövcud olduğu şəraitdə meşə təsərrüfatında çalışan hər bir vəzifəli şəxsin üzərinə böyük məsuliyyət düşür. Meşəni qorumaq, ağacların qanunsuz məhv edilməsinə yol verməmək, dövlət meşə fondunun təyinatından kənar istifadəsinin qarşısını almaq və qanunun tələblərinə riayət etmək həmin məsuliyyətin əsas istiqamətlərindəndir.
Ona görə də Ağcabədi ilə bağlı yayılan məlumatların da emosiyalarla deyil, faktlarla qiymətləndirilməsi daha doğru olar.
Əgər həqiqətən ağaclar qanunsuz şəkildə məhv edilibsə, bunu törədən şəxslər kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Əgər dövlət meşə fondundan qanunsuz istifadə faktı varsa, bu da müvafiq qaydada araşdırılmalı və hüquqi qiymətini almalıdır.
Amma əgər səsləndirilən iddialar həqiqəti əks etdirmirsə, onda heç bir günahsız insanın adı ictimaiyyət qarşısında əsassız ittihamlarla hallandırılmamalıdır.
Məhz buna görə ən doğru yol aidiyyəti qurumların məsələyə hüquqi və obyektiv qiymət verməsidir.
Bu gün əsas sual “kim haqlıdır?” sualından daha çox “həqiqət nədir?” sualı olmalıdır.
Həqiqət ortaya çıxdıqdan sonra isə gec-tez hər kəs öz mövqeyinin cavabını alacaq. Əgər qanunsuzluq varsa, qanun öz sözünü deməlidir; yox əgər iddialar əsassızdırsa, bu zaman həmin iddiaların da hüquqi və mənəvi məsuliyyəti məsələsinə baxılmalıdır.
Çünki dövlətçilik qanunun aliliyindən başlayır.
Meşə isə yalnız ağaclardan ibarət deyil. Meşə dövlətin təbii sərvətidir, xalqın sərvətidir və gələcək nəsillərə əmanətdir. Bu əmanətə münasibətdə şəxsi maraqlar deyil, dövlət və qanun üstün tutulmalıdır.
Bu səbəbdən Ağcabədidə gündəmə gətirilən məsələnin də obyektiv araşdırılacağına, bütün tərəflərin mövqeyinin dinləniləcəyinə və həqiqətin tam şəkildə ortaya çıxarılacağına inanmaq lazımdır.
Çünki gec-tez haqq-ədalət öz yerini tapır.