Gündəm
55
4-09-2026, 23:26

“70 manat ver, yaşa” - TƏLƏBƏLƏRİN ƏSAS PROBLEMİNƏ ÇARƏ TAPILDIMI?

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Universitetlərə qəbul olunan tələbələrin və onalrın valideynlərinin bir qismi üçün isə əsas məsələlərdən biri təhsil alacağı şəhərdə yaşayış yeri tapmaqdır. Bu baxımdan tələbə yataqxanaları mühüm alternativ olaraq qalır.

Bəs hazırda universitet yataqxanalarında vəziyyət necədir, ötən illə müqayisədə şəraitdə hansı dəyişikliklər var?

Ölkə.az problem ilə bağlı araşdırma aparıb.

Bakı Dövlət Universitetindən (BDU) sorğumuza cavab olaraq bildirilib ki, 2021-ci ildə ali təhsil ocağının 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” istifadəyə verilib. Bura həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub.

583878

Qeyd olunub ki, ən müasir standartlara cavab verən “Tələbə evi”ndə otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin edilib:

“Burada zəruri ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana - oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana, idman sahəsi, tibb məntəqəsi fəaliyyət göstərir. Yeməkxana bütün zəruri avadanlıqlarla təchiz edilib. 2 və 3 nəfərlik otaqlar yüksək sürətli internet şəbəkəsi ilə təchiz olunub. Yataqxana ərazisində təhlükəsizliyə kameralarla müntəzəm nəzarət edilir. Yataqxanaya əsasən şəhid və qazi övladları, valideynlərini itirmiş, sosial həssas təbəqədən olan şəxslər qəbul edilir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentindən bildirilib ki, ali məktəbin yataqxanaları təmirə bağlanıb: 

“Bunun üçün müəyyən hazırlıq prosesi gedir. Ona görə də bu il yataqxanada yaşayış olmayacaq.  Tələbələri ora yerləşdirə bilməyəcəyik”.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd edilib ki, təhsil ocağının 5 yataqxanası var:

“Yataqxanalarda məcburi köçkünlər məskunlaşdıqları üçün tələbələri ora yerləşdirə bilmirik. Onlar köçürüldükdən sonra yataqxanalar yenilənərək tələbələrin istifadəsinə veriləcək”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Bakı şəhərində 5 tələbə yataqxanası var.

583881

Ali məktəbin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev deyib ki, bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb: 

“ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev bildirib ki, universitetin yataqxanalarının yalnız bir kompleksdə tələbələri yerləşdirmək üçün şərait var:

“Digər binalarda məcburi köçkünlər yaşayır və onu baxımsız istismar ediblər. Ona görə də orada tələbələrin yaşamasına şərait yoxdur. Məcburi köçkünlər tam çıxandan sonra yataqxanaların əsaslı şəkildə təmiri və yenidən qurulması planlaşdırılır. Ondan sonra tələbələrin ixtiyarına veriləcək”. 

N.Abdullayevin sözlərinə görə, şərait olan binada 450-yə yaxın tələbə yaşaya bilir: 

“Yataqxana bir neçə il əvvəl əsaslı şəkildə təmir olunaraq müasir tələblərə uyğunlaşdırılıb. Bu ilin yayında, tələbələrin olmadığı müddətdə də binada müəyyən baxım işləri həyata keçirilib. Hazırda tələbələrin müraciəti əsasında onların istifadəsinə verilir.

Həm qız, həm oğlan tələbələr, həm də əcnəbi, vətəndaşlığı olan tələbələrimiz müraciət əsasında o binada yerləşdirilir. Həmin binada tələbələr üçün bütün şərait yaradılıb. Fasiləsiz istilik sistemi, internet ilə təmin olunublar. Yataqxanada tələbələrin rahatlığı üçün kitabxana, oxu zalı, asudə vaxtlarını keçirmələri üçün məkanlar və çamaşırxana fəaliyyət göstərir. Həmçinin binada 24 saat mühafizə təmin olunur”.

Mətbuat katibi deyib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında aylıq ödəniş 50 manat təşkil edir: 

“Bununla yanaşı, şəhid ailələrinin üzvləri və xüsusi həssas qruplara daxil olan tələbələr müvafiq ərizə ilə müraciət etdikləri halda yataqxana ödənişindən azad olunurlar”.

583882

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin 1 yataqxanası var:

“Yataqxana 205 nəfərlikdir. Müraciət edən tələbələri yataqxana ilə təmin edəcəyik”.

Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, ali məktəbin müasir tələblərə uyğun yeni “Tələbə Evi” 2026-2027-ci tədris ili üçün hazırdır:

“Tələbə Evi”ndə ümumilikdə 248 çarpayılıq yaşayış yeri yaradılıb. Onlardan 124-ü qız, 124-ü oğlan tələbələr üçün nəzərdə tutulub. Bundan əlavə, 4 qonaq otağında 8, qonaq tələbələr üçün nəzərdə tutulan 3 otaqda isə ümumilikdə 9 çarpayı mövcuddur.

Tələbələr 3 və 4 nəfərlik, tam təmir olunmuş və müasir standartlara uyğun otaqlarda yerləşdiriləcəklər. I-III mərtəbələr oğlan, IV-V mərtəbələr isə qız tələbələr üçün nəzərdə tutulub.

583883

“Tələbə Evində aylıq yaşayış haqqı 70 manatdır və bu məbləğə kommunal xərclər daxildir. Depozit tələb olunmur”

SDU-ya 500 və daha yüksək balla qəbul olunan tələbələrə, eləcə də bu ildən başlayaraq şəhid övladlarına “Tələbə Evin”də ödənişsiz yaşamaq imkanı yaradılır.

“Tələbə Evi”nə yerləşmək üçün müraciətlər yataqxana.sdu.edu.az portalı üzərindən onlayn qəbul olunur. I kurs tələbələri şəxsiyyət vəsiqəsini, digər kurs tələbələri isə tələbə biletini təqdim etməlidirlər. Müraciətlər müəyyən edilmiş qaydada nəzərdən keçirilərək tələbələrə yerləşmə proseduru barədə məlumat veriləcək”.

Azərbaycan Tibb Universitetindən (ATU) isə bildirilib ki, ali məkətbin 5 yataqxana binası fəaliyyət göstərir:

“Onlardan biri hazırda təmirə bağlanıb. Onlardan 1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələr, 6 saylı yataqxanada ATU-da təhsil alan Azərbaycan vətəndaşı olan oğlan tələbələr, 5 saylı yataqxanada isə xarici tələbələr yerləşdirilir. Təmirə dayanmış yataqxana istisna olmaqla, hazırda yatqxanaların ümumi tutumu 965 nəfərə yaxındır.

Yataqxananın aylıq ödənişi yataqxanadan asılı olaraq, tələbə sayı və 1, 2, 3 və 4 nəfərlik otaq sayına əsasən dəyişir.

Məbləğ orta hesabla 60, əcnəbi tələbələri də nəzərə alsaq, 120 manat arasında dəyişir. Tək nəfərlik otaqlar ayda 120 azn, 2 nəfərlik otaqlar ayda 80 azn, 3-4 nəfərlik otaqlar isə 60 -70 AZN təşkil edir. Tələbə bu ödənişdən əlavə, heç bir kommunal xərc ödəmir. Heç bir depozit tələb olunmur, yalnız ilin əvvəlində müqavilə bağlanılır və ilik yataqxana haqqı ödənilir”.

Bundan əlavə ATU-nun tələbə yataqxanalarında şəhid ailələrindən olan tələbələr ilk növbədə və tam ödənişsiz əsasda yerləşdirilir. Qazilərin övladlarına və I qrup əlil valideyni olan tələbələrə də xüsusi güzəştlər tətbiq olunur:

“Ümumiyyətlə isə bu gün ATU-ya yataqxana təminatı ilə bağlı edilən heç bir müraciət cavabsız qalmır və kifayət qədər yer olduğu üçün hər kəs, o cümlədən də xarici tələbələr müvafiq ödənişlər əsasında bu imkanlardan yararlana  bilir. Yataqxanalarda tələbələrin rahatlığı üçün oxu və istirahət otaqları, hər mərtəbədə mətbəx, camaşırxana mövcuddur. Həmçinin binalar inetnet (wi-fi) ilə təchiz edilib.

583884

Yataqxanalarımız 7/24 kameralar vasitəsilə müşahidə altındadır. Təbələrimizin bəlli giriş-çıxış saatları (07.00-23.00) mövcuddur.  Yeni mövsüm üçün görülən işlərə gəlincə, yataqxanalardakı vəziyyət ilboyu diqqətdə və nəzarətdə saxlanılır. Tələb olunduğu təqdirdə müvafiq təmir işləri icra olunur”.

Yataqxana şəraiti olan universitetlərdən biri də Qarabağ Universitetidir. 2024-cü ildə 6 mənzil tipli binadan ibarət yataqxana tələbələrin istifadəsinə verilib.

2025-ci ildə isə müasir kampus konsepsiyasına uyğun əsaslı təmir işləri aparılmış 7 mənzil tipli binadan ibarət yeni yataqxana kompleksi Qarabağ Universitetinin tələbələrinin istifadəsinə verilib.

Müvafiq yaşayış şəraiti yaradılmış 312 mənzil zəruri avadanlıqlarla təchiz edilib. Ümumilikdə, 30 min kvadratmetr mənzil sahəsi olan yataqxana kompleksində 1700 tələbənin yaşaması nəzərdə tutulub.

Həmidə İbrahimova