Gündəm
12
Dün, 11:19

Körpələrin Sevinc Ünvanı – 272 Saylı Körpələr Evi-Uşaq Bağçasında Gələcəyə Atılan Sağlam Addımlar

Uşaq bağçaları hər bir insanın həyatında xüsusi yer tutan, şəxsiyyətin formalaşmasının ilkin mərhələsini təşkil edən müqəddəs təhsil ocaqlarıdır. Məhz bu müəssisələrdə körpələr ilk dəfə kollektiv mühitə alışır, dostluğun, paylaşmağın, mərhəmətin, vətən sevgisinin və insanlıq dəyərlərinin nə olduğunu öyrənirlər. Bağça illəri uşaqların yaddaşında ömür boyu silinməyən ən gözəl xatirələr kimi qalır və onların gələcək həyat yolunun möhkəm təməlini təşkil edir.
Bakı şəhərinin inkişaf edən və abadlaşan rayonlarından biri olan Binəqədi rayonunda fəaliyyət göstərən 272 saylı Körpələr Evi-Uşaq Bağçası da bu baxımdan nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biridir. Bağçanın müdiri Ədibə xanım İsmayılovanın rəhbərliyi altında burada körpələrin hərtərəfli inkişafı, sağlam böyüməsi və məktəb həyatına tam hazır şəkildə qədəm qoyması üçün ardıcıl və məqsədyönlü işlər həyata keçirilir.
Bağçada təlim-tərbiyə prosesi müasir yanaşmalar əsasında qurulur. Təcrübəli müəllim və tərbiyəçilər uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq onların bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirirlər. Müxtəlif maarifləndirici məşğələlər, yaradıcılıq dərsləri, əyləncəli oyunlar, musiqili proqramlar və tədbirlər körpələrin dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
Ədibə xanım İsmayılovanın rəhbərliyi altında bağçada vətənpərvərlik tərbiyəsinə də xüsusi önəm verilir. Uşaqlara Vətənə sevgi, torpağa bağlılıq, dövlət rəmzlərinə hörmət hissi aşılanır. Azərbaycan bayrağı, gerbi və himni haqqında məlumatlar yaş səviyyələrinə uyğun formada izah edilir, tarixi günlər və əlamətdar hadisələr barədə maarifləndirici tədbirlər təşkil olunur. Körpələrə şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı haqqında sadə və anlaşıqlı formada məlumat verilir, onların ruhuna ehtiram göstərməyin vacibliyi öyrədilir.
Bağçada keçirilən əlamətdar tədbirlər uşaqların yaddaşında silinməz izlər buraxır. Belə tədbirlərdən biri də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan möhtəşəm bayram proqramı olmuşdur. Həmin gün uşaqlar üçün müxtəlif əyləncəli oyunlar, musiqili çıxışlar, rəqs nömrələri və maraqlı proqramlar təşkil edilmiş, onların sevinc dolu anlar yaşaması üçün hər cür şərait yaradılmışdır. Bu cür tədbirlər uşaqların bağça həyatını daha da maraqlı edir və onların gələcəkdə həmin illəri sevgi ilə xatırlamalarına səbəb olur.
Ədibə xanım uşaqlara yalnız bilik verməklə kifayətlənmir, eyni zamanda onlarda yüksək mənəvi keyfiyyətlərin formalaşdırılmasına da böyük önəm verir. Körpələrə xeyirxahlıq etmək, böyüklərə hörmət göstərmək, kiçiklərə qayğı ilə yanaşmaq, dostluq və mərhəmət hisslərini qorumaq, insanlarla sadə və səmimi davranmaq kimi dəyərlər aşılanır. Bu isə gələcəyin sağlam düşüncəli, vətəninə bağlı və cəmiyyətə faydalı vətəndaşlarının yetişməsinə xidmət edir.
Bağçanın rəhbəri Ədibə xanım İsmayılovanın şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğı da xüsusi hörmət doğuran keyfiyyətlərindəndir. Onlara sevgi, ehtiram və həssas münasibət göstərilməsi bağçada tərbiyə olunan körpələr üçün də bir nümunə məktəbinə çevrilir.
Bu gün 272 saylı Körpələr Evi-Uşaq Bağçasından məktəb həyatına qədəm qoyan uşaqlar burada qazandıqları bilikləri, dostluqları, müəllimlərinin qayğısını və xoş xatirələri özləri ilə aparırlar. Bu uğurlarda Ədibə xanım İsmayılovanın, müəllim kollektivinin və tərbiyəçilərin əməyi danılmazdır.
Fürsətdən istifadə edərək, 272 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri Ədibə xanım İsmayılovaya, bütün müəllim və tərbiyəçi kollektivinə səmimi minnətdarlığımızı bildirir, bu çətin, məsuliyyətli və eyni zamanda şərəfli peşələrində yeni-yeni uğurlar, möhkəm can sağlığı, ailə səadəti və daim yüksələn nailiyyətlər arzulayırıq. Qoy onların körpələrimizin xoşbəxt gələcəyi naminə gördükləri işlər hər zaman yüksək qiymətləndirilsin və uğurla davam etsin.
Top xəbərlər
Gün
Həftə
Ay