Gündəm
34
2-06-2026, 17:27

Qarabağın Yetirdiyi Dahi Alim – Professor Yaşar İbadovun Elmə Həsr Olunan Şərəfli Ömür Yolu


Qarabağ! Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, qəhrəmanlıq salnaməsini özündə yaşadan müqəddəs yurd yeri. Bu torpaq əsrlər boyu təkcə igid sərkərdələr, vətənpərvər oğullar deyil, həm də elm, mədəniyyət və mənəviyyat sahəsində silinməz iz qoyan ziyalılar yetişdirib. Qarabağın saf havası, əsrarəngiz təbiəti, qonaqpərvər insanları, zəngin mətbəxi, musiqisi, muğamı, adət-ənənələri bu diyarı dünyanın ən gözəl məkanlarından birinə çevirib. Bu müqəddəs torpaqdan yetişən elm adamları Azərbaycanın adını beynəlxalq elmi müstəvidə daim ucaldıblar.
Belə görkəmli şəxsiyyətlərdən biri də dünya elminə mühüm töhfələr vermiş, beynəlxalq elmi dairələrdə böyük nüfuz qazanmış Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovdur.
Qarabağ torpağında dünyaya göz açan Yaşar İbadov öz zəhməti, fitri istedadı, elmi təfəkkürü və vətən sevgisi ilə Azərbaycan elmini beynəlxalq aləmdə layiqincə təmsil edən alimlərimizdəndir. O, elmi fəaliyyətində əldə etdiyi uğurlarla ölkəmizin adını dünyanın müxtəlif elm mərkəzlərində uca tutmağı bacarmışdır.
Professor Yaşar İbadov 5 kitabın, 7 elmi monoqrafiyanın, 26 elmi məqalənin müəllifi olmaqla yanaşı, 12 müəlliflik şəhadətnaməsi, patentləşdirilmiş nəzəriyyə, konsepsiya və ixtiraların müəllifidir. Onun elmi yaradıcılığı yalnız Azərbaycanla məhdudlaşmır, dünyanın bir çox ölkələrinin elm adamları tərəfindən yüksək qiymətləndirilir.
Alimin ən mühüm nailiyyətlərindən biri yeni elmi istiqamət kimi formalaşdırdığı və müəllifi olduğu “Alternativ Psixologiya” elmidir. 3 mart 2003-cü ildə Moskva şəhərində bu elmi istiqamət üzrə müəlliflik şəhadətnaməsi (№6274) almışdır. Sonradan həmin elmin təqdimatı Azərbaycan elmi ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, elmi yenilik kimi qəbul edilmişdir.
Yaşar İbadovun elmi araşdırmaları sırasında xüsusi yer tutan “Dədə Qorqud tarixi şəxsiyyətdir” mövzusunda təqdim etdiyi elmi yenilik də alim təfəkkürünün məhsulu kimi diqqət çəkir. Bu tədqiqat yalnız tarix və folklor sahəsində deyil, ümumilikdə Azərbaycan elminin inkişafına yeni baxış bucağı qazandıran mühüm araşdırmalardan biri hesab olunur.
Elmi fəaliyyətinə görə Yaşar İbadov dünyanın aparıcı ölkələrinin nüfuzlu elmi qurumları tərəfindən yüksək qiymətləndirilmişdir. O, ABŞ, İngiltərə, Türkiyə, Rusiya və bir sıra Avropa ölkələrinin akademiyalarının fəxri üzvü seçilmiş, Ukrayna və Gürcüstan Milli Elmlər Akademiyalarının həqiqi üzvü olmuşdur. Eyni zamanda Beynəlxalq Sistemologiya Akademiyasının üzvü kimi fəaliyyət göstərir.
9 (doqquz) ölkənin akademiki kimi tanınan, Nobel mükafatına namizədliyi irəli sürülən professor Yaşar İbadov elmi uğurları ilə yanaşı, yüksək insani keyfiyyətləri, vətənpərvərliyi, dövlətçilik prinsiplərinə sadiqliyi ilə də seçilən ziyalılarımızdandır. O, bütün fəaliyyəti boyu Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etmiş, elm sahəsində qazandığı nailiyyətləri ölkəsinin inkişafına yönəltmişdir.
Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin səhiyyə və elm sahəsinə göstərdiyi diqqət və qayğını daim yüksək qiymətləndirən professor Yaşar İbadov bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən böyük ruh yüksəkliyi alır. Dövlətimizin elmə, təhsilə və səhiyyəyə göstərdiyi qayğı alimlərin daha böyük nailiyyətlər qazanmasına geniş imkanlar yaradır.
Hazırda Beynəlxalq Ekoenergetika Akademiyasında “Tibbi-biologiya və Ekologiya” departamentinin rəhbəridir.
Onun həyat yolu elmə, insanlığa və Vətənə xidmət nümunəsidir. Professor Yaşar İbadovun əldə etdiyi uğurlar hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Belə alimlərin fəaliyyəti Azərbaycanın elmi potensialının, intellektual gücünün və milli-mənəvi dəyərlərinin təcəssümüdür.
Redaksiyamız adından Qarabağın yetirdiyi dəyərli alim, Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovu və onun bütün ailə üzvlərini Müqəddəs Qurban bayramı və 28 May – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik.
Uca Allahdan diləyirik ki, bu mübarək bayram günlərində kəsdiyi qurbanlar, etdiyi dualar və xeyirxah niyyətlər Haqq dərgahında qəbul olunsun. Professor Yaşar İbadova möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, yeni elmi nailiyyətlər və Azərbaycan elminin inkişafı naminə daha böyük uğurlar arzulayırıq.
Qoy onun zəngin elmi fəaliyyəti gələcək nəsillər üçün daim örnək olsun, Azərbaycan elminin inkişafına xidmət edən yeni-yeni uğurlara yol açsın.
Top xəbərlər
Gün
Həftə
Ay