
Azərbaycanın hər qarış torpağı öz gözəlliyi, tarixi və yetişdirdiyi insanlarla dəyərlidir. Ancaq elə yurd yerləri var ki, onların adı çəkiləndə insanın göz önündə zəhmətkeşlik, mərdlik, vətənpərvərlik və insanlıq canlanır. Belə müqəddəs ünvanlardan biri də İmişlidir.
Muğan düzünün qoynunda yerləşən İmişli təkcə bərəkətli torpaqları, bol məhsulu və füsunkar təbiəti ilə deyil, həm də saf qəlbli, zəhmətsevər, qonaqpərvər insanları ilə tanınır. Bu torpağın insanları halal zəhməti həyat amalına çevirən, çətinliklər qarşısında sınmayan, Vətən sevgisini hər şeydən üstün tutan insanlardır.
44 günlük Vətən müharibəsində İmişli oğulları bir daha sübut etdilər ki, bu torpaq qəhrəmanlar yurdudur. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz, şücaət göstərən qazilərimiz və igid döyüşçülərimiz İmişlinin adını qürurla ucaltdılar. Belə qəhrəman oğullar yetişdirən torpaq eyni zamanda dövlətinə sədaqətlə xidmət edən ziyalılar, rəhbər şəxslər və zəhmət adamları da yetişdirir.
Məhz belə dəyərli insanlardan biri də İmişli Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Fərzulla oğlu Quliyevdir.
Doğma torpağına, dövlətinə və xalqına bağlı olan Mirzə müəllim fəaliyyətində hər zaman dövlətçilik prinsiplərini rəhbər tutan, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə sadiq qalan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşən dövlət məmurlarından biridir.
Tarix boyu "Mirzə" adı elm, savad, müdriklik və ziyalılıq anlayışları ilə yanaşı çəkilib. Bu adın daşıdığı mənəvi yük kifayət qədər böyükdür. Alicənablıq, hörmət, nüfuz və müdriklik mənalarını özündə birləşdirən bu ad sanki Mirzə Quliyevin xarakterində də öz əksini tapıb.
Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Mirzə müəllim üçün insan amili hər zaman ön plandadır. İmişli Rayon İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışdığı illər ərzində insanların etimadını doğrultmağı bacarıb. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərdiyi dövrdə də, bu gün birinci müavin kimi çalışdığı müddətdə də vətəndaşların müraciətlərinə həssas yanaşması ona böyük hörmət qazandırıb.
Onun fəaliyyətində diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri sadəlik və insanlara olan səmimi münasibətdir. Mirzə müəllim insanların problemlərini dinləməyi, onların qayğılarına şərik olmağı və imkan daxilində kömək göstərməyi özünün mənəvi borcu hesab edir.
Bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş məmnunluğunun təmin olunması, insanlara diqqət və qayğının göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Mirzə Quliyev də öz fəaliyyətində bu prinsiplərə sadiq qalaraq vətəndaşlara xidmət etməyi şərəfli vəzifə hesab edir.
Şəhid ailələrinə, qazilərə, veteranlara göstərdiyi diqqət və qayğı, onların problemlərinin həllinə həssas yanaşması, aztəminatlı ailələrə və gənclərə dəstək olması onun insani keyfiyyətlərinin ən parlaq nümunələrindəndir. O, insanların sevincində də, kədərində də onların yanında olmağa çalışan rəhbər şəxslərdəndir.
Mirzə Fərzulla oğlu Quliyev üçün vəzifə nüfuz qazanmaq vasitəsi deyil, xalqa xidmət etmək məsuliyyətidir. O, qanunlara hörmətlə yanaşır, fəaliyyətini qanun çərçivəsində qurur və dövlət maraqlarını hər zaman üstün tutur.
Belə insanların fəaliyyəti cəmiyyətimizdə dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, insanların dövlətə olan inamının daha da artmasına xidmət edir.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə İmişli rayonunun dəyərli ziyalısı, nümunəvi dövlət qulluqçusu Mirzə Fərzulla oğlu Quliyevi, onun ailəsini, yaxınlarını və onu sevən hər kəsi ürəkdən təbrik edirik.
Mirzə müəllimə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, o, bundan sonra da öz məsuliyyəti, peşəkarlığı, insanlara olan diqqət və qayğısı ilə xalqın hörmətini qazanmağa, dövlətimizə və dövlətçiliyimizə ləyaqətlə xidmət etməyə davam edəcəkdir.
Milli Qurtuluş Günümüz mübarək olsun! Uca Allah xalqımızı, dövlətimizi və Vətənimizi daim qorusun.