
Azərbaycan Respublikasında yerli özünüidarəetmə sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm nəticələrindən biridir. Məhz onun rəhbərliyi dövründə ölkəmizdə demokratik idarəetmə prinsiplərinə uyğun olaraq bələdiyyə institutunun yaradılması təmin edilmiş, vətəndaşların yerli idarəetmədə iştirak imkanları genişləndirilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların cəmiyyət həyatındakı rolunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bələdiyyələr insanların gündəlik həyatında mühüm rol oynayan, onların sosial problemlərinin həllinə dəstək verən, abadlıq-quruculuq işlərinin həyata keçirilməsində, əhalinin rifahının yüksəldilməsində xüsusi əhəmiyyət daşıyan yerli özünüidarəetmə orqanlarıdır. Bələdiyyə sədri isə bu məsuliyyətli vəzifəni daşıyan, vətəndaşlarla dövlət arasında etibarlı körpü rolunu oynayan şəxsdir. Öz işinin öhdəsindən layiqincə gələn bələdiyyə sədri ilk növbədə xalqa yaxın olmalı, insanların qayğı və problemlərinə həssas yanaşmalı, dövlətçilik prinsiplərinə sadiq qalmalı, vicdanlı və məsuliyyətli fəaliyyəti ilə seçilməlidir.
Belə nümunəvi bələdiyyələrdən biri də Mingəçevir şəhər Bələdiyyəsidir. Azərbaycanın enerji paytaxtı kimi tanınan Mingəçevir şəhəri öz gözəlliyi, abad küçələri, təmiz havası, füsunkar təbiəti və qonaqpərvər insanları ilə hər zaman seçilib. Kür çayının sahilində yerləşən bu gözəl şəhər təkcə iqtisadi potensialı ilə deyil, həm də vətənpərvər insanları ilə tanınır.
44 günlük Vətən müharibəsində Mingəçevirin igid oğulları böyük qəhrəmanlıq nümunələri göstərərək torpaqlarımızın azadlığı uğrunda şərəflə döyüşmüş, bir çoxları şəhidlik zirvəsinə ucalaraq xalqımızın qürur mənbəyinə çevrilmişlər. Bu gün onların əziz xatirəsi böyük ehtiramla yad edilir, ailələrinə, qazilərimizə və veteranlarımıza göstərilən diqqət dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirilir.
Mingəçevir şəhər Bələdiyyəsinin sədri Anar Nadir oğlu İsmayılov da öz fəaliyyəti ilə bu ali dəyərlərə sadiqliyini nümayiş etdirən ziyalı rəhbərlərdən biridir. Anar İsmayılov 11 avqust 1983-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. O, Gəncə Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr, Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistr təhsili almış, daha sonra həmin universitetin doktoranturasında təhsilini davam etdirərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Təhsil sahəsində qazandığı uğurlar onun elmi dünyagörüşünün, yüksək intellektinin və vətəninə xidmət etmək istəyinin göstəricisidir. O, Mingəçevir şəhər R.Mirabov adına 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışmış, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində mühüm xidmətlər göstərmişdir. Hazırda Mingəçevir Dövlət Universitetində tarix müəllimi kimi fəaliyyət göstərərək bilik və təcrübəsini tələbələrlə bölüşür.
17 fevral 2025-ci ildə Mingəçevir şəhər Bələdiyyəsinin sədri vəzifəsinə seçilən Anar İsmayılov ictimai etimadı doğrultmaq üçün yorulmadan çalışır. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Anar müəllim dövlətə və dövlətçiliyə sədaqətli mövqeyi, məsuliyyətli fəaliyyəti və insanlarla səmimi münasibəti ilə seçilir.
Ümummilli Lider Heydər Əliyevin bələdiyyələrin inkişafına göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi onun fəaliyyətində də öz əksini tapır. Dövlətin göstərdiyi etimad və diqqətdən ruhlanan Anar İsmayılov öz işinə yüksək məsuliyyətlə yanaşır, sakinlərin müraciətlərini diqqətlə dinləyir, onların problemlərinin həllinə çalışır və hər bir vətəndaşa hörmətlə yanaşır.
Şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi diqqət və qayğı, sosial məsələlərə həssas münasibəti, öhdəsinə düşən vəzifələri vicdanla yerinə yetirməsi onun fəaliyyətinin ən dəyərli cəhətlərindəndir. O, rəhbərlik etdiyi qurumun nüfuzunun yüksəlməsi, şəhərin daha da abadlaşması və sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində xüsusi yer tutan, dövlətçiliyimizin xilası və müstəqilliyimizin qorunub saxlanılması ilə bağlı olan ən əlamətdar tarixlərdən biridir. Bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasını, Azərbaycanı parçalanmaq təhlükəsindən qurtararaq sabitlik və inkişaf yoluna çıxarmasını böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Milli Qurtuluş Günü müasir Azərbaycanın tərəqqisinin, dövlət müstəqilliyimizin möhkəmlənməsinin və gələcək uğurlarımızın təməlidir.
Bu əlamətdar bayram münasibətilə Mingəçevir şəhər Bələdiyyəsinin sədri Anar Nadir oğlu İsmayılovu, onun ailə üzvlərini, doğmalarını, bütün seçicilərini və Mingəçevir ictimaiyyətini ürəkdən təbrik edirik.
Arzu edirik ki, fəaliyyətiniz daim uğurlarla müşayiət olunsun, xalqımızın rifahı naminə gördüyünüz işlər daha böyük nailiyyətlərlə nəticələnsin. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji, dövlətimizə və xalqımıza xidmət yolunda yeni-yeni uğurlar arzulayırıq.
Qoy 15 İyun Milli Qurtuluş Gününün işığı hər zaman yolunuza nur saçsın, Azərbaycanımızın tərəqqisi və qüdrəti naminə gördüyünüz işlərdə Sizə yeni qüvvə və ilham versin!