Gündəm
154
Bugün, 17:00

Müəllim nüfuzunun qorunması hər birimizin mənəvi borcudur Azərbaycan xalqının

Ümummilli Lideri Heydər Əliyev müəllim əməyini hər zaman yüksək qiymətləndirərək demişdir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram." Bu dəyərli fikir müəllim peşəsinin cəmiyyətimiz üçün nə qədər müqəddəs və əhəmiyyətli olduğunu bir daha təsdiq edir.
Son günlər müxtəlif informasiya resurslarında Bakı şəhəri 93 nömrəli tam orta məktəbin direktoru Xalidə İbrahimova haqqında "Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı" başlıqlı yazılar yayımlanır. Bu yazılar cəmiyyətdə geniş müzakirələrə səbəb olsa da, hesab edirəm ki, hər hansı şəxs haqqında irəli sürülən iddialara hüquqi qiymət verilmədən, məhkəmə və ya səlahiyyətli dövlət orqanlarının yekun qərarı olmadan həmin iddiaları qəti fakt kimi təqdim etmək doğru yanaşma deyil.
Düşünəndə ki, biz yazarlara yazmağı, oxumağı, elmə və biliyə sevgini aşılayan müəllimlər olub, onların illərlə qazandıqları nüfuzu bir neçə sərlövhə ilə kölgə altına salmağa çalışanlar var, doğrudan da təəssüf hissi keçirirəm. Atalar demişkən: "Ustasına kəm baxanın gözlərindən qan damar."
Son dövrlər müəllim və məktəb rəhbərləri haqqında yayılan sensasion yazıların artması cəmiyyətimizdə müəllim nüfuzuna mənfi təsir göstərir. Belə yazılar yalnız konkret şəxslərə deyil, bütövlükdə təhsil sisteminə, müəllim-şagird münasibətlərinə və gənc nəslin müəllimə olan hörmət hissinə də zərbə vurur. Müəllim gələcəyimizi yetişdirən, cəmiyyətə savadlı və vətənpərvər vətəndaş qazandıran müqəddəs peşə sahibidir.
Bilirəm ki, bu fikirlərimlə razılaşmayanlar da olacaq, hətta məni tənqid edənlər, müxtəlif ittihamlar irəli sürənlər də tapılacaq. Ancaq məqsədim hansısa şəxsi tərifləmək və ya müdafiə etmək deyil. Məqsədim yalnız həqiqətin, qanunun aliliyinin və obyektivliyin tərəfində olmaqdır.
Hesab edirəm ki, hər hansı məktəb rəhbəri haqqında irəli sürülən ittihamlar yalnız aidiyyəti dövlət qurumlarının araşdırması nəticəsində hüquqi qiymətini almalıdır. Araşdırma yekunlaşmadan insanları ictimai qınaq obyektinə çevirmək, onların peşə nüfuzuna xələl gətirmək nə hüquqi, nə də etik baxımdan düzgün hesab edilə bilər.
Məhz bu baxımdan, Bakı şəhəri 93 nömrəli tam orta məktəbin direktoru Xalidə İbrahimova haqqında yayımlanan yazılarla bağlı mövqeyimi bildirərək qeyd etmək istəyirəm ki, hər bir vətəndaş kimi onun da günahsızlıq prezumpsiyası hüququ vardır. Əgər hər hansı qanun pozuntusu baş veribsə, buna hüquqi qiyməti yalnız səlahiyyətli dövlət orqanları verməlidir. Əks halda, əsassız ittihamlar illərlə təhsil sahəsində çalışan insanların nüfuzuna ciddi zərər vurmuş olar.
Mənim fikrimcə, məktəb rəhbərinin əsas vəzifəsi qanunlara riayət etmək, bütün şagirdlərə bərabər münasibət göstərmək, onların keyfiyyətli təhsil almasına şərait yaratmaqdır. Əgər bu prinsiplərə əməl olunursa, həmin fəaliyyətə də obyektiv qiymət verilməlidir.
Bu gün oxumağımızı, yazmağımızı, peşə sahibi olmağımızı müəllimlərimizə borcluyuq. Ona görə də müəllim adına hörmətlə yanaşmaq, onların əməyini qiymətləndirmək və hər hansı iddia ilə bağlı yalnız hüquqi araşdırmaların nəticəsini əsas götürmək cəmiyyətimizin ümumi maraqlarına xidmət edir.
Yazımı Ümummilli Lider Heydər Əliyevin müəllimlər haqqında söylədiyi dəyərli sözlərlə bitirmək istəyirəm: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram." Müəllim adına hörmət göstərmək, onun nüfuzunu qorumaq və həqiqəti emosiyalarla deyil, faktlar və qanun əsasında qiymətləndirmək hər birimizin vətəndaşlıq borcudur. 

Top xəbərlər
Gün
Həftə
Ay