Gündəm
12
8-05-2026, 17:47

Sumqayıtdan yüksələn elm və vətənpərvərlik nuru – Şərəbani Məmmədovanın rəhbərliyi ilə gələcəyin layiqli gəncləri yetişir


Azərbaycanın sənaye və elm mərkəzlərindən biri olan Sumqayıt bu gün təkcə inkişaf etmiş infrastrukturu ilə deyil, həm də ziyalı insanları, elm adamları, zəhmətkeş və qonaqpərvər sakinləri ilə seçilir. Bu şəhər hər zaman Azərbaycanın ictimai, mədəni və təhsil həyatında mühüm rol oynayıb. Sumqayıtın küçələrində və məktəblərində böyüyən gənclər bu gün ölkəmizin müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək doğma şəhərlərinin adını qürurla yaşadırlar.
Vətənə bağlılıq, dövlətə sədaqət, elmə və təhsilə hörmət Sumqayıt insanının xarakterində xüsusi yer tutur. Məhz buna görə də burada fəaliyyət göstərən təhsil müəssisələri yalnız elm öyrədən deyil, həm də milli-mənəvi dəyərləri yaşadan müqəddəs məkanlar hesab olunur.
Bu təhsil ocaqlarından biri də Cəbrayıl rayon 6 saylı tam orta ümumtəhsil məktəbidir. Məktəbin direktoru Şərəbani Məmmədova rəhbərliyi altında burada həyata keçirilən tədbirlər və maarifləndirici layihələr şagirdlərin yaddaşında silinməz izlər buraxır. Məktəbdə uşaqların uşaqlıq və yeniyetməlik illərinin unudulmaz keçməsi, onların orta məktəb həyatını gələcəkdə xoş xatirələrlə yada salmaları üçün məqsədyönlü fəaliyyət aparılır.
Burada şagirdlərə yalnız dərs proqramı çərçivəsində bilik verilmir. Eyni zamanda Vətənə sevgi, torpağa bağlılıq, milli kimlik və dövlətçilik ruhu da aşılanır. Məktəbdə təşkil olunan vətənpərvərlik tədbirləri, şəhidlərin xatirəsinə həsr olunan görüşlər, tarixi günlər və əlamətdar bayramlarla bağlı keçirilən proqramlar gənc nəslin milli ruhda böyüməsində mühüm rol oynayır.
Xüsusilə 10 may – Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə məktəbdə keçirilən tədbirlər böyük maraq və yüksək təşkilatçılıqla yadda qalır. Şagirdlərə dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunur, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə məlumatlar verilir. Tədbirin sonunda məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər çıxış edərək Heydər Əliyevin xalqa həsr etdiyi şərəfli ömür yolundan bəhs edir, onun dövlətçilik ideyalarının gələcək nəsillərə örnək olduğunu vurğulayırlar.
Şərəbani Məmmədovanın rəhbərliyi altında məktəbdə mənəvi dəyərlərin formalaşdırılması da xüsusi diqqət mərkəzindədir. Şagirdlərə xeyirxahlıq etmək, mərhəmətli olmaq, paylaşmağı bacarmaq, insanlarla sadə və səmimi davranmaq, qayğıkeş olmağın vacibliyi aşılanır. Bu yanaşma məktəbdə sağlam və mehriban mühitin yaranmasına səbəb olur.
Bir sözlə, Cəbrayıl rayon 6 saylı tam orta ümumtəhsil məktəbində yetişən şagirdlər yalnız məktəbi bitirib ali təhsil həyatına qədəm qoymurlar, onlar eyni zamanda dövlətinə bağlı, milli ruhda böyüyən, cəmiyyət üçün faydalı vətəndaşlar kimi formalaşırlar.
Bu uğurların təməlində isə məktəbin pedaqoji kollektivinin zəhməti və xüsusilə Şərəbani xanım Məmmədovanın fədakar fəaliyyəti dayanır. Dövlətə və dövlətçiliyə sədaqət, müəllim peşəsinə sonsuz sevgi və hörmət, şəhid ailələrinə, qazilərə və onların ailələrinə diqqət və qayğı ilə yanaşmaq onun əsas insani keyfiyyətlərindəndir.
Bu gün Sumqayıtda fəaliyyət göstərən bu elm və tərbiyə ocağı gələcəyin savadlı, vətənpərvər və mənəviyyatlı gənclərinin yetişdiyi müqəddəs ünvanlardan biri kimi öz fəaliyyətini uğurla davam etdirir.