
Son dövrlərdə sosial şəbəkələrdə və bəzi informasiya mənbələrində orta məktəblər haqqında heç bir əsaslı sübuta söykənməyən, daha çox şantaj xarakterli yazıların yayılması cəmiyyətdə haqlı narahatlıq doğurur. Xüsusilə “mənbələrdən əldə edilən məlumatlara görə” kimi ümumi və qeyri-müəyyən ifadələrlə təqdim olunan iddialar, əslində nə araşdırmaya, nə də peşəkar jurnalistikanın prinsiplərinə uyğun gəlir. Bu cür yanaşmalar bir tərəfdən müəllim nüfuzuna xələl gətirir, digər tərəfdən isə bütövlükdə təhsil ocaqlarının ictimai imicinə zərbə vurur.
Unutmaq olmaz ki, jurnalistikanın əsas prinsipi obyektivlik, dəqiqlik və məsuliyyətdir. Hər hansı bir rəhbər şəxsin və ya müəllimin ünvanına səsləndirilən fikirlər ciddi araşdırma, fakt və sübutlara əsaslanmalıdır. Əks halda, bu cür yazılar təkcə bir şəxsi deyil, bütöv bir müəllim adını kölgə altına salır, müəllim-şagird münasibətlərində inamsızlıq yaradır və gələcəyimizi formalaşdıran gənc nəslin düşüncəsinə mənfi təsir göstərir.
Müəllim adı hər zaman müqəddəs tutulmuşdur. Çünki müəllim yalnız bilik verən deyil, həm də şəxsiyyət formalaşdıran, cəmiyyətin sabahını yetişdirən bir ziyalıdır. Müəllim haqqında səsləndirilən hər bir əsassız iddia əslində bir uşağın, bir gəncin gələcəyinə vurulan zərbədir. Ona görə də bu ada hörmətlə yanaşmaq hər birimizin mənəvi borcudur.
Məhz bu baxımdan, Sumqayıt şəhər 23 nömrəli Texniki Fənlər Təmayüllü Lisey ətrafında səsləndirilən iddialardan sonra aparılan müşahidələr və müxtəlif valideynlərlə keçirilən söhbətlər tam fərqli mənzərə ortaya qoyur. Liseydə təhsil alan şagirdlərin valideynləri ilə aparılan söhbətlərdə əsas diqqət çəkən məqam məktəbdə hökm sürən sağlam mühit, nizam-intizam və müəllim-şagird münasibətlərinin səmimiliyidir.
Valideynlərin əksəriyyəti liseyin direktoru Reyhan Yunisova haqqında yüksək fikirlər səsləndirərək, onun şagirdlərə ana qayğısı ilə yanaşdığını, müəllim kollektivi ilə qarşılıqlı hörmət və anlayış əsasında işlədiyini qeyd edirlər. Bu cür münasibət isə təhsil müəssisəsində sağlam psixoloji mühitin formalaşmasının əsas göstəricilərindən biridir.
Bəzi hallarda sinifdaxili ehtiyaclar üçün valideynlər tərəfindən yığılan kiçik məbləğlərin isə müəllim və ya rəhbərlik üçün deyil, sırf texniki və təşkilati məsələlərin həlli üçün istifadə olunduğu bildirilir. Bu isə bir çox məktəblərdə rast gəlinən adi praktika kimi dəyərləndirilir və burada hər hansı qanunsuzluqdan söhbət getmir.
Əslində isə əsas məsələ bu deyil. Əsas məsələ müəllim adına, təhsil ocaqlarına və bu sahədə çalışan insanlara qarşı formalaşan münasibətdir. Əgər biz bu gün müəllimə olan hörməti zəiflədirsə, sabah cəmiyyət olaraq bunun acı nəticələrini yaşayacağıq.
Ulu öndər Heydər Əliyev müəllim əməyini hər zaman yüksək qiymətləndirərək belə demişdir: “Müəllim adı dünyada ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” Bu fikrin mahiyyətində müəllimə verilən ən ali dəyər, ən böyük ehtiram ifadə olunur.
Bu gün müəllim adını öz əməli fəaliyyəti ilə doğruldan, gənc nəslin tərbiyəsinə töhfə verən belə ziyalı insanlar haqqında əsassız tənqidlər səsləndirmək yox, əksinə, onların əməyinə dəyər vermək, minnətdarlıq hissi ifadə etmək daha doğru yanaşma olardı.
Çünki övladlarımızın gələcəyi məhz belə təhsil ocaqlarında formalaşır. Sağlam düşüncəli, vətənpərvər, savadlı gənclərin yetişməsi üçün müəllimə verilən dəyər əsas şərtlərdən biridir. Bu mənada demək olar ki, düzgün tərbiyənin, sağlam təhsilin ünvanı kimi göstərilən bu liseydə formalaşan mühit gənclərimiz üçün nümunədir.
Gəlin unutmayaq: müəllimə hörmət – gələcəyə hörmətdir. Müəllim adını ucuzlaşdırmaq isə gələcəyimizi ucuzlaşdırmaq deməkdir. Buna görə də hər birimiz bu müqəddəs ada layiq olduğu dəyəri verməli, onu qorumalı və uca tutmalıyıq.