Gündəm
79
13-04-2026, 08:25

Təhsilə kölgə salmayaq-dəyər verək – Həqiqətin Səsi- Müəllim Adının Ucalığı

Son günlər sosial şəbəkələrdə yayılan və Sumqayıt şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı səsləndirilən iddialar bir daha göstərir ki, informasiya paylaşarkən məsuliyyət hissi hər zamankından daha vacibdir. Təəssüf doğuran məqam isə odur ki, bu cür paylaşımlarda yer alan fikirlərin böyük əksəriyyəti hər hansı fakt və sübuta deyil, daha çox şəxsi maraqlara xidmət edən subyektiv yanaşmalara əsaslanır.
Əsl həqiqət isə tamam fərqlidir. Sumqayıt şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Mehdiqulu Aslanov uzun illərdir ki, təhsil sahəsində məsuliyyətli fəaliyyəti ilə seçilən, öz işinə vicdanla yanaşan bir rəhbərdir. Onun rəhbərliyi altında məktəbdə formalaşan sağlam mühit, müəllim–şagird–valideyn münasibətlərindəki səmimiyyət və qarşılıqlı hörmət bu gün həmin təhsil ocağını nümunəvi məktəblərdən birinə çevirib.
Müəllim peşəsi hər zaman müqəddəs sayılıb. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev müəllim əməyinə yüksək qiymət verərək deyirdi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram.” Bu dəyərli fikir bir daha sübut edir ki, müəllim cəmiyyətin gələcəyini formalaşdıran ən ali peşə sahibidir. Belə bir adı ləkələmək isə əslində gələcəyimizə kölgə salmaq deməkdir.
Təhsil ocaqları yalnız bilik verilən məkan deyil, həm də mənəviyyatın, vətənpərvərliyin və insanlığın formalaşdığı müqəddəs yerlərdir. Bu baxımdan Sumqayıt təhsili, ümumilikdə şəhərin inkişafı ilə paralel olaraq, daim yüksələn xətt üzrə inkişaf edir və bu inkişafda fədakar müəllimlərin, məsuliyyətli rəhbərlərin rolu danılmazdır.
Bu gün bəzi media nümayəndələrinin və ya sosial şəbəkə istifadəçilərinin reytinq xatirinə, diqqət çəkmək üçün həqiqətə söykənməyən yazılar paylaşması cəmiyyət üçün təhlükəli tendensiyadır. Jurnalistika ilk növbədə dürüstlük, obyektivlik və məsuliyyət deməkdir. Faktlara əsaslanmadan, insanların şərəf və ləyaqətinə toxunan paylaşımlar etmək nə peşə etikası ilə, nə də vicdanla uzlaşır.
Unutmamalıyıq ki, müəllim adına kölgə salmaq – gələcəyimizə kölgə salmaqdır. Bu səbəbdən hər bir jurnalisti, hər bir qələm sahibini dürüst olmağa, yalnız həqiqətə əsaslanan mövqedən çıxış etməyə çağırırıq. Təhsil sahəsində çalışan insanların zəhmətinə kölgə salmaq yox, onları dəstəkləmək, cəmiyyətə doğru məlumat ötürmək hər birimizin borcudur.
Gəlin təhsilimizi, müəllimimizi və gələcəyimizi qoruyaq. Çünki güclü cəmiyyətin təməli məhz sağlam və dürüst təhsildən başlayır.
Top xəbərlər
Gün
Həftə
Ay