
Son dövrlərdə sosial şəbəkələrdə və bəzi informasiya platformalarında orta məktəblər və onların rəhbərləri haqqında heç bir əsaslı sübuta söykənməyən, daha çox şantaj xarakterli yazıların geniş yayılması müşahidə olunur. Bu tip yazıların dili, üslubu və yanaşması diqqətlə təhlil edildikdə aydın olur ki, əksər hallarda başlıqlar dəyişsə də, məzmun eyni qalır – ümumi, qeyri-müəyyən və sübutsuz ittihamlar.
Haqlı olaraq sual yarana bilər: bu yazıların əsassız olduğunu necə müəyyən etmək olar? Cavab sadədir – faktın, konkretliyin və araşdırmanın olmaması. Məsələn, “şagirdləri təhdid və təhqir edir” kimi ciddi ittiham səsləndirilir, lakin nə konkret hadisə, nə sinif, nə də hər hansı şagird adı göstərilir. Bu isə onu deməyə əsas verir ki, bu cür iddialar çox vaxt sadəcə eşitmə məlumatlara əsaslanır və peşəkar jurnalistikanın tələblərinə uyğun deyil.
Belə yanaşma yalnız bir şəxsin deyil, bütövlükdə müəllim adının nüfuzuna xələl gətirir. Halbuki müəllim cəmiyyətin ən həssas və ən məsuliyyətli peşə sahiblərindən biridir. Müəllimə qarşı əsassız ittihamlar səsləndirmək, əslində, gələcəyimiz olan uşaqların tərbiyəsinə, onların formalaşmasına mənfi təsir göstərmək deməkdir.
Məhz bu baxımdan, Xırdalan şəhər 2 nömrəli tam orta məktəb və onun direktoru Gülnaz Kərimova haqqında yayılan iddialardan sonra aparılan sorğular və müşahidələr tam fərqli mənzərə ortaya qoyur.
Məktəbdə təhsil alan şagirdlərin valideynləri və ətrafda yaşayan sakinlərlə aparılan söhbətlər zamanı Gülnaz xanımın həm şagirdlərə, həm də müəllim kollektivinə qarşı diqqətli, qayğıkeş və anlayışlı münasibəti xüsusi vurğulanmışdır. Valideynlərin bir qismi onun şagirdlərlə münasibətini “ana-bala münasibəti” kimi xarakterizə etmiş, məktəbdə sağlam və nizamlı mühitin formalaşdığını bildirmişdir.
Bəzi hallarda sinif daxili ehtiyaclar üçün yığılan vəsaitlərə gəldikdə isə qeyd olunmuşdur ki, bu kimi hallar nə direktor, nə də müəllimlərin şəxsi maraqlarına xidmət etmir, əksinə, texniki və təşkilati ehtiyacların qarşılanmasına yönəlib. Bu isə bir çox təhsil müəssisələrində rast gəlinən adi və şəffaf yanaşmadır.
Əsas məsələ isə müəllim adına münasibətdir. Bu gün müəllimə olan hörmətin qorunması və bərpası hər zamankından daha vacibdir. Müəllim adını ləkələmək – bir uşağın gələcəyini ləkələmək deməkdir. Müəllim haqqında əsassız və düşünülməmiş fikirlər rəhbər-müəllim, müəllim-şagird münasibətlərində inamsızlıq yaradır, bu isə təhsil prosesinə birbaşa mənfi təsir göstərir.
Ulu öndər Heydər Əliyev müəllim əməyinə yüksək qiymət verərək belə demişdir:
“Müəllim adı dünyada ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.”
Bu dəyərli fikri rəhbər tutaraq demək olar ki, müəllim adını uca tutmaq hər birimizin borcudur. Bu adı öz əməli fəaliyyəti ilə doğruldan insanlar haqqında əsassız tənqidlər səsləndirmək yox, əksinə, onların əməyinə qiymət vermək, minnətdarlıq hissi ifadə etmək daha doğru və ədalətli yanaşmadır.
Çünki övladlarımızın düzgün tərbiyə aldığı ünvan məhz məktəblərdir. Və bu baxımdan, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə formalaşan mühit gənclərimiz üçün sağlam düşüncə, düzgün istiqamət və mənəvi dəyərlər aşılayan bir ocaq kimi dəyərləndirilə bilər.
Bir sözlə, müəllim adını ucuzlaşdırmayaq. Bu ada hörmətlə yanaşaq, onu qoruyaq və gələcəyimiz naminə uca tutaq.