[spoiler][/spoiler]

Azəristiliktəchizat ASC ölkənin sosial rifahında mühüm rol oynayan strateji qurumlardan biridir. Əhalinin istilik təchizatının fasiləsiz və keyfiyyətli şəkildə təmin olunması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Son illərdə bu sahəyə göstərilən diqqətin daha da artması, texniki bazanın yenilənməsi və xidmət keyfiyyətinin yüksəldilməsi dövlət qayğısının bariz nümunəsidir. Bu sahədə çalışan hər bir əməkdaşın fəaliyyəti isə yüksək məsuliyyət, peşəkarlıq və vətəndaşlara həssas yanaşma tələb edir.
Məhz belə bir məsuliyyətli sahədə fəaliyyət göstərən Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev öz işinə yanaşması, zəhmətkeşliyi və prinsipiallığı ilə seçilən nümunəvi rəhbərdir. “Hərşeyşünas” kimi tanınması təsadüfi deyil. O, iş prosesinin ən incə detallarına qədər bələd olması, yaranan problemlərə çevik və düzgün yanaşması ilə kollektiv arasında böyük nüfuz qazanmışdır. Rafiq Əliyev fəaliyyətində daim günün tələblərinə uyğun işləməyi, yeniliklərə açıq olmağı və xidmət keyfiyyətini yüksəltməyi əsas prinsip kimi qəbul edir.
Onun ömür yolu sadəcə vəzifə pillələri ilə ölçülmür – bu yol zəhmətin, dürüstlüyün və insanlara xidmətin təcəssümüdür. İşində heç bir nöqsana yol verməməyə çalışması, məsuliyyət hissini hər zaman ön planda saxlaması onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Vətəndaşlarla səmimi rəftarı, müraciətlərə həssas yanaşması və problemlərin həllinə göstərdiyi diqqət onun insani keyfiyyətlərinin parlaq ifadəsidir.
Rafiq Əliyevin fəaliyyətində xüsusi yer tutan məqamlardan biri də şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdır. O, Vətən uğrunda canından keçmiş qəhrəmanların ailələrinə dərin ehtiramla yanaşır, onların problemlərinin həllində yaxından iştirak edir. Əsgər ailələrinə qarşı qayğılı münasibəti isə onun vətənpərvərliyinin və humanist dəyərlərə bağlılığının göstəricisidir.
Eyni zamanda, KİV nümayəndələri ilə sağlam və səmimi münasibətlər qurması, obyektiv və prinsipial mövqeyi də onun xarakterini tamamlayan mühüm cəhətlərdəndir. O, “ağa ağ, qaraya qara deməyi” bacaran, ədalətli və vicdanlı söz sahiblərinə hər zaman hörmətlə yanaşır, azad və sağlam mətbuatın cəmiyyət üçün əhəmiyyətini yüksək qiymətləndirir.
Bütün bu keyfiyyətlər Rafiq Əliyevi təkcə bir rəhbər kimi deyil, həm də yüksək mənəvi dəyərlərə malik şəxsiyyət kimi səciyyələndirir. Onun fəaliyyəti göstərir ki, vəzifə yalnız idarə etmək deyil, eyni zamanda insanlara xidmət etmək, onların etimadını qazanmaq və bu etimadı daim qorumaqdır.
Belə şəxslər dövlətçiliyin dayağı, cəmiyyətin isə güvən yeridir. Rafiq Əliyev də öz fəaliyyəti, insani keyfiyyətləri və prinsipial mövqeyi ilə bir çoxlarına örnək olan, etimadı doğruldan dəyərli rəhbərlərdən biridir.