
Körpə balaların həyatında uşaq bağçalarının rolu əvəzsizdir. Bu müqəddəs ocaqlar uşaqların ilk sosial mühitə qədəm qoyduğu, dünyanı tanımağa başladığı, sevgi, qayğı və diqqətlə əhatə olunduğu bir məktəbdir. Burada atılan hər bir addım, deyilən hər bir söz, göstərilən hər bir münasibət körpələrin gələcək həyatında silinməz izlər buraxır. Bağçalar yalnız tərbiyə ocağı deyil, həm də vətənə, millətə bağlı, mənəvi dəyərlərə sahib şəxsiyyətlərin formalaşdığı ilk ünvanlardır.
Qələbədən sonra dirçələn torpaqlarımız bu gün yeni həyatın, yeni nəfəsin ünvanına çevrilib. Bu torpaqların ən səfalı guşələrindən biri olan Cəbrayıl rayonu öz gözəlliyi, saf havası, qonaqpərvər və mərd insanları ilə seçilir. Bu yurdun insanları torpağı kimi saf, qəlbi kimi genişdir. Onların arasında vətənə bağlılığı, yüksək mənəviyyatı və ziyalılığı ilə seçilən xanımlar xüsusi yer tutur.
Belə dəyərli, ziyalı və vətənpərvər xanımlardan biri də Günel Cəfərovadır. O, həyatının mənasını körpə balaların inkişafına, onların sağlam ruhda, vətənpərvər düşüncələrlə böyüməsinə həsr etmişdir. Rəhbərlik etdiyi Cəbrayıl rayon 7 saylı Körpələr Evi Uşaq Bağçası bu gün öz fəaliyyəti ilə seçilən, körpələrin sevə-sevə gəldiyi, özlərini evlərindəki kimi rahat hiss etdikləri bir təhsil ocağına çevrilmişdir.
Günel xanımın rəhbərliyi altında bağçada hökm sürən səmimiyyət, qayğıkeşlik və mehribanlıq mühiti hər kəs tərəfindən hiss olunur. O, körpələrə yalnız bir rəhbər kimi deyil, həm də ana qayğısı ilə yanaşır. Müəllimlərlə münasibətində diqqətli, valideynlərlə ünsiyyətində isə səmimi və anlayışlıdır. Bu münasibət bağçada sağlam, güvənli və sevgi dolu bir mühitin formalaşmasına səbəb olmuşdur.
Bağçada əlamətdar günlərin, bayram şənliklərinin yüksək səviyyədə təşkili, uşaqların bu tədbirlərdə fəal iştirakı onların dünyagörüşünün formalaşmasına xidmət edir. Tarixi günlərdə şəhidlərimizin məzarlarının ziyarət edilməsi, onların əziz xatirəsinin yad olunması körpələrdə vətən sevgisi, qəhrəmanlara ehtiram hissini daha da gücləndirir. Bu balaca ürəklərdə vətənpərvərlik hissinin toxumları məhz belə müqəddəs addımlarla cücərir.
Bu gün ölkəmizdə məktəbəqədər təhsilə göstərilən diqqət və qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsilə verilən bu yüksək dəyər bağçaların inkişafına, müəllimlərin rifahına və körpələrin daha sağlam mühitdə yetişməsinə geniş imkanlar yaradır. Məhz bu diqqət və qayğıdan ruhlanan Günel xanım Cəfərova öz fəaliyyətində böyük əzmkarlıq və məsuliyyət nümayiş etdirir.
Bu bağçada böyüyən körpələr gələcəkdə harada olsalar da, burada keçirdikləri xoş anları, gördükləri sevgini və qayğını unutmur, Günel xanımı onlara nəvaziş göstərən bir ana kimi xatırlayır, onun adını hər zaman minnətdarlıqla yad edirlər. Çünki bu bağça uşaqlara yalnız bilik deyil, həm də həyat dərsi, sevgi və vətənə bağlılıq aşılayır.
Bu münasibətlə Günel xanım Cəfərovaya körpə balalarımıza göstərdiyi yüksək diqqət və qayğıya, onların sağlam düşüncəli, xoş xatirələrlə böyüməsində göstərdiyi əvəzsiz xidmətlərə görə dərin minnətdarlığımızı bildiririk. Ona möhkəm cansağlığı, xoşbəxt və firavan həyat, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq. Arzumuz budur ki, o, hər zaman körpə balalarımızın fəxr və qürur yeri olaraq qalsın.
Qoy Cəbrayıl rayon 7 saylı Körpələr Evi Uşaq Bağçasında böyüyən hər bir körpə Sizin adınızı hər yerdə qürurla hallandırsın!