---
18
20-03-2026, 14:38

Qanunun Aliliyi və Media Məsuliyyəti: Əsassız İttihamlar Cəmiyyətə Xidmət Etmir

Son dövrlərdə sosial şəbəkələrdə və bəzi informasiya resurslarında ayrı-ayrı vəzifəli şəxslər haqqında faktlara deyil, fərziyyələrə və birtərəfli yanaşmalara əsaslanan yazıların yayılması narahatlıq doğuran hallardan birinə çevrilmişdir. Bu baxımdan 2 saylı Qazax–Tovuz regional filialı və həmin idarənin müdiri Elsun Xudaverdiyevin qanundankənar əməlləri- başlığı ilə tirajlanan iddialar da ciddi hüquqi və etik suallar doğurur.
İlk növbədə qeyd edilməlidir ki, Elsun Xudaverdiyev DSMF-nin Tovuzda yerləşən regional idarəsinin rəhbəri kimi Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən və Gədəbəy rayonları üzrə sosial müdafiə sahəsinə cavabdeh məsul vəzifə daşıyır. Bu kimi mühüm bir sahədə fəaliyyət göstərən hər bir dövlət qulluqçusunun işi qanunvericilik, elektron informasiya sistemləri və çoxpilləli nəzarət mexanizmləri çərçivəsində həyata keçirilir. Sosial yardım təyinatı və digər qərarlar fərdi yanaşma ilə deyil, rəsmi məlumatlar və müəyyən edilmiş prosedurlar əsasında formalaşır.
Bu reallıq fonunda hər hansı vəzifəli şəxs haqqında irəli sürülən ittihamların hüquqi sübutlara, rəsmi araşdırmalara və məhkəmə qərarlarına əsaslanması vacibdir. Əks halda, bu cür iddiaların ictimailəşdirilməsi nə hüquqi, nə də etik baxımdan qəbulediləndir və birbaşa olaraq şəxsin şərəf və ləyaqətinə xələl gətirə bilər.
Xüsusilə vurğulanmalıdır ki, jurnalistika peşəsi yüksək məsuliyyət, obyektivlik və faktlara əsaslanma tələb edir. Qarşı tərəfin mövqeyi öyrənilmədən, rəsmi qurumlara sorğu ünvanlanmadan, yalnız ehtimallar və subyektiv yanaşmalar əsasında materialların dərc edilməsi peşə etikası ilə uzlaşmır. Bu cür yanaşma informasiya verməkdən daha çox, ictimai rəyə təsir göstərmək məqsədi daşıyan qeyri-peşəkar fəaliyyət kimi qiymətləndirilə bilər.
Hər bir jurnalist bilməlidir ki, əsassız ittihamların yayılması yalnız hədəf seçilən şəxsə deyil, bütövlükdə media institutuna olan etimadı sarsıdır. Bu isə cəmiyyət üçün daha böyük zərər deməkdir. Dövlət qulluqçularının fəaliyyəti yalnız hüquqi sənədlər, rəsmi açıqlamalar və obyektiv faktlar əsasında qiymətləndirilməlidir.
Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı qanun pozuntusu ilə bağlı araşdırma aparmaq və hüquqi qiymət vermək səlahiyyəti yalnız müvafiq nəzarət və hüquq-mühafizə orqanlarına məxsusdur. Media isə bu prosesdə məsuliyyətli davranmalı, yalnız təsdiqlənmiş məlumatları və bütün tərəflərin mövqeyini ictimaiyyətə təqdim etməlidir.
Bu baxımdan, əsassız və sübutsuz iddiaların yayılması nə peşəkarlıqdan xəbər verir, nə də cəmiyyətə fayda gətirir. Əksinə, bu kimi yanaşmalar həmin yazıları qələmə alan şəxslərin öz fəaliyyətinə kölgə salır və onların peşə nüfuzuna xələl gətirir. Aydın məsələdir ki, obyektivlikdən uzaq, şantaj xarakterli yazılar nə jurnalistikanın prinsiplərinə uyğundur, nə də qanunun tələblərinə.
Cəmiyyət olaraq biz hər zaman qanunun aliliyinə, ədalət prinsipinə və obyektiv informasiyaya söykənməliyik. Hər kəs — istər jurnalist, istərsə də vəzifə sahibi — öz fəaliyyətində bu prinsipləri rəhbər tutmalıdır.
Son olaraq müqəddəs Ramazan bayramı və baharın gəlişini müjdələyən Novruz bayramı münasibətilə Elsun Xudaverdiyevi, ailəsini, doğmalarını və onu sevən hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, firavanlıq, ruzi-bərəkət və işlərində uğurlar arzulayırıq.