“Real Azərbaycan” xəbər verir ki, restoranda xidmət səviyyəsindən narazı qalan turist sifariş etdiyi yeməklərin uzun müddət gözlədildiyini bildirib.
Onun sözlərinə görə, bəzi sifarişlər bir saatdan artıq müddət ərzində təqdim edilməyib və dəfələrlə xatırladılmasına baxmayaraq gecikmə aradan qalxmayıb.
Turist həmçinin çörək, qatıq və əsas yeməyin eyni vaxtda deyil, ayrı-ayrı zamanlarda gətirilməsindən narazılığını ifadə edib. O, göstərilən xidmətin ödədiyi məbləğə uyğun olmadığını düşünərək çəkdiyi videoda digər şəxslərə restorana gəlməməyi tövsiyə edib.
Qeyd edək ki, “Qaynana” restoranı “Bridge Group of Companies” holdinqinin tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri və təsisçisi kimi iş adamı Yaqub Hüseynov göstərilir.
“Bridge Group of Companies”in fəaliyyət dairəsinə “Bridge Plaza”, “Bridge” logistika mərkəzi, “HamamBath” kompleksləri, “Sultan İnn”, “Molokan İnn”, “Seven Rooms” mehmanxanaları, həmçinin “Jasmine” və “Bahar Cafe” kimi iaşə obyektlərinin daxil olduğu bildirilir.
Turistin iradları ilə bağlı “Qaynana” restoranı və ya holdinq tərəfindən açıqlama verilməyib.