Gündəm
1 837
12-07-2026, 13:06

Yaxşı insanların əməlləri kölgədə qalmamalıdır

Cəmiyyət hər zaman xeyirxahlığı, mərhəməti və vətən sevgisini öz həyat amalına çevirən insanlarla güclü olur. Belə insanlar etdikləri yaxşılıqları nümayiş etdirmək üçün deyil, insanlıq borcu bildikləri üçün xeyirxah əməllər həyata keçirirlər. Bakı şəhəri Binəqədi rayonunda yaşayan Füruzə xanım da onu tanıyan insanların söylədiklərinə görə məhz belə xanımlardan biridir.
"Füruzə" adı firuzə daşının adından götürülmüşdür və uğur, saflıq, gözəllik, ümid və xoşbəxtlik rəmzi hesab olunur. İnsan öz adına layiq yaşadıqda əməlləri də dillərdə dastana çevrilir. Füruzə xanımı yaxından tanıyanlar onun səmimiyyətini, sadəliyini, qayğıkeşliyini və xeyirxahlığını xüsusi vurğulayırlar.
Son dövrlərdə müxtəlif media platformalarında Füruzə xanımla bağlı fərqli məzmunlu yazılar dərc olunur. Belə hallarda hər bir məlumatın obyektiv araşdırılması və hüquqi qiymətləndirilməsi aidiyyəti dövlət qurumlarının səlahiyyətinə daxildir. Təsdiqini tapmamış iddialar əsasında insanlar haqqında qəti hökm vermək isə nə jurnalist etikasına, nə də hüququn aliliyi prinsipinə uyğun hesab oluna bilər.
Bir yazar olaraq düşünürük ki, cəmiyyətə fayda verən insanların gördüyü işləri də işıqlandırmaq vacibdir. Çünki yaxşılıq təbliğ olunduqca insanlarda xeyirxahlıq hissi daha da möhkəmlənir.
Onu tanıyanların söylədiklərinə əsasən, Füruzə xanım COVID-19 pandemiyası dövründə ehtiyacı olan ailələrə imkanları daxilində yardım göstərmiş, 44 günlük Vətən müharibəsi zamanı dövlətimizin ordumuza göstərdiyi böyük qayğıya və ümumxalq həmrəyliyinə öz töhfəsini verməyə çalışmış, əsgər ailələrinin yanında olmuşdur.
Eyni zamanda onun şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dəstək göstərməsi, qocalar evlərinə və uşaq evlərinə yardımlar etməsi, müxtəlif xeyriyyə aksiyalarında iştirak etməsi və ehsan süfrələri təşkil etməsi barədə onu tanıyan insanlar tərəfindən xoş fikirlər səsləndirilir. Belə xeyirxah əməllər insanın mənəvi zənginliyinin və vətəninə, xalqına bağlılığının göstəricisidir.
Atalarımızın müdrik bir kəlamı var: "Aslanın erkəyi, dişisi olmaz." Bu ifadə cəsarəti, mərdliyi və güclü xarakteri ilə seçilən insanlara ünvanlanır. Füruzə xanım da öz insani keyfiyyətləri, vətənpərvərliyi, mərhəməti və insanlara olan qayğıkeş münasibəti ilə onu tanıyanların hörmətini qazanan xanımlardan biri kimi dəyərləndirilir.
Cəmiyyətimizin sağlam inkişafı üçün yaxşı insanların yaxşı əməllərini ön plana çıxarmaq, onların xeyirxahlığını təbliğ etmək mühüm əhəmiyyət daşıyır. Çünki mərhəmət, paylaşmaq, vətən sevgisi və insanlara dayaq olmaq hər zaman ən böyük mənəvi sərvət hesab olunub.
Ümid edirik ki, cəmiyyətimizdə insanlar bir-birini daha çox xeyirxah əməlləri, nəcib davranışları və vətənə xidmətləri ilə tanıyacaq, yaxşılıq edənlərin əməli hər zaman layiq olduğu qiyməti alacaq.

Top xəbərlər
Gün
Həftə
Ay