Masazır kəndi Azərbaycanın sürətlə inkişaf edən yaşayış məntəqələrindən biri olmaqla yanaşı, zəngin milli-mənəvi dəyərləri, elmə və təhsilə verdiyi yüksək önəm ilə də seçilir. Bu qədim yurd yeri öz qonaqpərvər insanları, zəhmətkeş ailələri, milli adət-ənənələrinə bağlı sakinləri və gələcəyimiz olan uşaqların savadlı, vətənpərvər ruhda yetişməsi üçün yaradılan təhsil mühiti ilə fərqlənir. Bu gün Masazırın inkişafında məktəblərin rolu danılmazdır. Çünki məktəb yalnız bilik verən deyil, həm də milli ruhu, mənəvi dəyərləri, vətəndaşlıq məsuliyyətini formalaşdıran müqəddəs elm ocağıdır.
Bu müqəddəs missiyanı layiqincə yerinə yetirən təhsil ocaqlarından biri də Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbidir. Məktəbin direktoru Naibə İsayevain rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədris və tərbiyə işi nəticəsində şagirdlər yalnız elm öyrənmir, həm də yüksək mənəvi keyfiyyətlərə malik, dövlətinə və xalqına bağlı vətəndaşlar kimi formalaşırlar.
Naibə xanım İsayevanın pedaqoji fəaliyyəti uzun illərin müəllim və rəhbər təcrübəsinə söykənən məsuliyyət, peşəkarlıq və insanpərvərlik prinsipləri ilə xarakterizə olunur. Onun rəhbərliyi altında məktəbdə elə bir təhsil mühiti yaradılıb ki, burada hər bir şagird uşaqlıq və yeniyetməlik illərini sevgi, qayğı və xoş xatirələrlə yaşayır. Məktəbdə təşkil olunan bilik yarışları, vətənpərvərlik tədbirləri, ədəbi-bədii kompozisiyalar, elmi layihələr, intellektual müsabiqələr və milli-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş proqramlar şagirdlərin hərtərəfli inkişafına xidmət edir.
Məktəbdə vətənpərvərlik tərbiyəsi xüsusi istiqamət kimi diqqət mərkəzində saxlanılır. Şagirdlərə Vətən, torpaq, dövlətçilik anlayışları yalnız dərsliklər vasitəsilə deyil, tarixi hadisələrin, qəhrəmanlıq salnaməsinin və milli yaddaşın öyrədilməsi yolu ilə aşılanır. Bu məqsədlə Azərbaycanın tarixi günləri və əlamətdar hadisələri münasibətilə silsilə tədbirlər keçirilir.
Xüsusilə 12 iyul – Tovuz döyüşləri şəhidlərinin anım günü münasibətilə məktəbdə təşkil olunan tədbirlərdə şagirdlərə Tovuz döyüşlərinin Azərbaycanın müasir tarixində oynadığı mühüm rol izah edilir, həmin döyüşlərin 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı olduğu vurğulanır. Şəhidlərimizin qəhrəmanlıq nümunələri haqqında hazırlanmış təqdimatlar və videoçarxlar vasitəsilə gənc nəslə Vətən sevgisinin, torpağa bağlılığın və xalqına xidmət etməyin müqəddəsliyi aşılanır.
Eyni zamanda 14 iyul tarixi də məktəbin təqvimində xüsusi yer tutur. Bu tarix Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gün kimi qeyd olunur. Şagirdlərə izah edilir ki, həmin tarix Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı, xalqın özünə qayıdışının ilk mərhələsi olmuşdur. Məktəbdə keçirilən tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti, dövlətçilik ideyaları və Azərbaycan qarşısındakı misilsiz xidmətləri barədə videoçarxlar nümayiş etdirilir, müəllim və şagirdlərin çıxışları dinlənilir. Bu tədbirlər nəticəsində uşaqlarda tariximizə hörmət, dövlətçilik ənənələrinə bağlılıq və milli qürur hissi daha da möhkəmlənir.
Naibə xanım İsayeva hesab edir ki, gələcəyin savadlı insanı olmaq üçün yalnız bilik kifayət etmir. Buna görə də məktəbdə xeyirxahlıq, mərhəmət, paylaşmaq, böyüyə hörmət, kiçiyə qayğı, cəmiyyətə faydalı olmaq kimi ali insani dəyərlər də şagirdlərə ardıcıl şəkildə aşılanır. Məktəbdə formalaşdırılan sağlam mənəvi mühit uşaqların şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır.
Şəhid ailələrinə və qazilərə ehtiram, onların ailələrinə diqqət və qayğı göstərilməsi də məktəbin tərbiyə sisteminin ayrılmaz hissəsidir. Bu istiqamətdə keçirilən görüşlər və tədbirlər şagirdlərdə Vətən uğrunda canından keçən qəhrəmanlara sonsuz hörmət hissi formalaşdırır.
Bu gün Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan şagirdlər yalnız ali məktəb həyatına hazırlaşmır, onlar eyni zamanda milli-mənəvi dəyərlərə sadiq, dövlətinə bağlı, cəmiyyət qarşısında məsuliyyətini dərk edən layiqli Azərbaycan vətəndaşları kimi formalaşırlar.
Bu uğurların qazanılmasında məktəbin direktoru Naibə xanım İsayevanın peşəkarlığı, rəhbərlik bacarığı və pedaqoji kollektivin fədakar əməyi xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin ideyalarına hörmət, dövlətə və dövlətçiliyə sədaqət, müəllim peşəsinə sonsuz sevgi, şəhid ailələrinə, qazilərə və onların doğmalarına qayğı və ehtiram Naibə xanımın fəaliyyətinin əsas prinsiplərindəndir.
Məhz belə müəllim və rəhbərlərin fəaliyyəti nəticəsində Masazırda elm, tərbiyə və vətənpərvərlik vəhdət təşkil edir, gələcəyin güclü, savadlı və mənəvi cəhətdən zəngin Azərbaycan gəncliyi yetişir. Bu isə ölkəmizin sabahı naminə görülən ən qiymətli xidmətlərdən biridir.