Gündəm
165
4-07-2026, 00:48

43 illik şərəfli ömrə sığan dövlətə, təhsilə və insanlığa xidmət salnaməsi

 "İnsan var ev üçün doğulur, insan da var el üçün!"
İnsan ömründə elə günlər var ki, onlar təkcə bir təqvim tarixi deyil, həm də keçilən həyat yoluna verilən dəyərin, görülən işlərin və qazanılan hörmətin ifadəsinə çevrilir. Doğum günü də məhz belə əlamətdar günlərdəndir. Bu gün insanın ömrünün növbəti ili ilə yanaşı, onun cəmiyyətə bəxş etdiyi zəhmətə, qazandığı nüfuza, yetişdirdiyi insanlara və həyata keçirdiyi xeyirxah əməllərə verilən mənəvi qiymətdir. Belə günlərdə deyilən xoş sözlər sadəcə təbrik deyil, həm də insan ömrünə göstərilən ehtiramın ifadəsidir.
Həqiqətən də, insan var ev üçün doğulur, insan da var el üçün!
El üçün yaşayan insanlar öz ömürlərini yalnız şəxsi rifahlarına deyil, xalqına, dövlətinə, Vətəninə və gələcək nəsillərə xidmətə həsr edirlər. Onların ən böyük sərvəti qazandıqları var-dövlət deyil, insanların qəlbində qazandıqları hörmət, etibar və sevgidir. Belə insanlar cəmiyyətin mənəvi dayağı, elmi inkişafın, milli tərəqqinin və dövlətçiliyin aparıcı qüvvəsi sayılırlar. Onlar öz həyat tərzi, yüksək mədəniyyəti, zəngin dünyagörüşü və xeyirxah əməlləri ilə hər bir gənc üçün örnəyə çevrilirlər.
Uca Tanrının Azərbaycan xalqına bəxş etdiyi məhz belə ziyalı və dəyərli şəxsiyyətlərdən biri də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Nadir oğlu Paşayevdir.
1983-cü il 4 iyul tarixində qədim diyarımız, elm və mədəniyyət beşiyi olan Şəki şəhərində dünyaya göz açan Araz Paşayev uşaqlıq illərindən elmə və biliyə böyük maraq göstərmiş, bu marağı sonralar uğurlu təhsil və peşə fəaliyyəti ilə davam etdirmişdir.
2000-cü ildə Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində bakalavr təhsili almış, daha sonra Bakı Dövlət Universitetində magistratura pilləsini uğurla başa vurmuşdur. Elmə olan sonsuz sevgisi onu bununla kifayətlənməyə qoymamış, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisasına yiyələnmiş, hazırda isə Bakı Dövlət Universitetində əmək hüququ üzrə doktorantura təhsilini davam etdirərək elmi fəaliyyətini uğurla inkişaf etdirməkdədir.
Araz Paşayev əmək fəaliyyətinə 2006-cı ildə başlamış, müxtəlif yerli və beynəlxalq təşkilatlarda məsul rəhbər vəzifələrdə çalışaraq yüksək idarəçilik bacarığı nümayiş etdirmişdir. 2021-ci ildən Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri kimi gənclərin təhsilə əlçatanlığının artırılması istiqamətində mühüm işlər görmüşdür.
Bu gün isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri kimi minlərlə təhsil işçisinin sosial rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində əzmlə fəaliyyət göstərir.
Onun fəaliyyəti yalnız idarəçiliklə məhdudlaşmır. Araz Paşayev uzun illər ali məktəblərdə "İnsan resurslarının idarə olunması", "Korporativ mədəniyyət", "Əmək və sosial təminat hüququ" kimi fənləri tədris edərək gənc mütəxəssislərin formalaşmasına da öz dəyərli töhfəsini vermişdir. Yerli və beynəlxalq layihələrdə ekspert kimi iştirakı isə onun peşəkarlığının beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini göstərir.
Şəki torpağı əsrlər boyu Azərbaycanın elm, mədəniyyət və dövlətçilik tarixinə böyük şəxsiyyətlər bəxş etmişdir. Araz Paşayev də bu qədim yurdun yetirdiyi ziyalı övladlarından biri kimi şəkililərin haqlı qürur və fəxr mənbəyidir. Onun sadəliyi, yüksək mədəniyyəti, insanlara səmimi münasibəti və dövlətə sədaqəti onu yaxından tanıyan hər kəsin dərin hörmətini qazanmışdır.
Dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmək Araz Paşayevin həyat amalına çevrilmişdir. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarına sadiq qalaraq bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini daim dəstəkləyən ziyalılardandır. Bu gün ölkə rəhbərliyi tərəfindən elmə, təhsilə, müəllimə və insan kapitalına göstərilən yüksək diqqət və qayğı da məhz bu siyasətin uğurlu nəticələrindəndir. Araz Paşayev də öz fəaliyyəti ilə bu ali məqsədlərin həyata keçirilməsinə layiqli töhfələr verməkdədir.
Bəli, 4 iyul tarixi bu gün Araz Nadir oğlu Paşayevin həyatında əlamətdar bir gündür. O, ömrünün 43-cü yayına qədəm qoyur. Bu 43 il zəhmətlə, elmə sədaqətlə, dövlətə xidmətlə, insanlara qayğı ilə, təhsilin inkişafına verilən töhfələrlə zəngin bir həyat yoludur.
Hörmətli Araz müəllim!
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, tükənməz həyat enerjisi və fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.
Qoy həyat yolunuz daim uğurlarla işıqlansın, elmə, təhsilə və dövlətçiliyə xidmət missiyanız bundan sonra da yeni nailiyyətlərlə davam etsin. Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyiniz bütün təşəbbüslər uğurla nəticələnsin, rəhbərlik etdiyiniz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı yeni-yeni uğurlara imza atsın.
İnanırıq ki, yüksək peşəkarlığınız, zəngin idarəçilik təcrübəniz, elmə və müəllim adına göstərdiyiniz hörmət Sizi bundan sonra da daha böyük zirvələrə aparacaq.
43 illik şərəfli ömrünüz mübarək olsun, hörmətli Araz müəllim!
Uca Tanrı Sizə möhkəm cansağlığı, firavan ömür, ailə xoşbəxtliyi və Azərbaycan dövlətinə, təhsilinə və xalqına xidmət yolunda tükənməz güc-qüvvət nəsib etsin. Adınız daim hörmətlə çəkilsin, fəaliyyətiniz isə gənc nəsillər üçün örnək olaraq yaddaşlarda yaşasın.

Top xəbərlər
Gün
Həftə
Ay