“Müəllim adı şərəfli addır. Mən dünyada müəllimdən yüksək ad tanımıram!”
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllim peşəsinə verdiyi bu yüksək dəyər təhsil işçilərinə göstərilən sonsuz hörmət və ehtiramın ən parlaq ifadəsidir. Dahi rəhbər hər zaman müəllimləri cəmiyyətin ən dəyərli insanları hesab etmiş, ölkənin gələcəyinin məhz müəllimlərin əlində formalaşdığını xüsusi vurğulamışdır. Bu gün Ulu Öndərin təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllim əməyinin yüksək qiymətləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Azərbaycanın paytaxtı Bakı şəhəri tarixiliyi, müasirliyi, zəngin mədəniyyəti, qonaqpərvər insanları, elmə və təhsilə verdiyi yüksək dəyərlə seçilir. Bakının qədim rayonlarından olan Yasamal rayonu isə özünün zəngin ziyalı mühiti, vətənpərvər insanları, elm və təhsil ənənələri ilə xüsusi seçilən ünvanlardan biridir. Bu rayonun təhsil müəssisələri arasında öz fəaliyyəti, uğurları və yüksək tədris göstəriciləri ilə seçilən məktəblərdən biri də 20 Yanvar şəhidi Eldar Məmmədovun adını daşıyan 21 nömrəli tam orta ümumtəhsil məktəbidir.
Bakı şəhəri Yasamal rayonu Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Fəaliyyətinin ilk illərində məktəb binasından fəhlələr üçün axşam məktəbi kimi istifadə olunmuş, 1958-ci ildən etibarən yeddiillik təhsil müəssisəsi, 1976-cı ildən isə tam orta ümumtəhsil məktəbi kimi fəaliyyətini davam etdirmişdir.
2012-2013-cü illərdə “Bakı şəhəri və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Məktəbin yenilənmiş vəziyyəti ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə burada daha iki yeni korpus və müasir idman meydançası inşa edilərək istifadəyə verilmişdir. Bu gün məktəb müasir təhsil standartlarına cavab verən geniş infrastruktura malikdir.
2025-2026-cı tədris ilində məktəbdə 47 sinif fəaliyyət göstərir. Burada 1259 şagirdin təlim-tərbiyəsi ilə 76 nəfər müəllim məşğul olur. Məktəbdə həmçinin günüuzadılmış qrup, məktəbəhazırlıq qrupları, Pedaqoji Şura, metodşura, fənn metodbirləşmələri və zəngin kitabxana fəaliyyət göstərir.
Bu nüfuzlu təhsil ocağına 05 mart 2024-cü il tarixindən Elgün Bəxtiyar oğlu Əliyev rəhbərlik edir. Elgün müəllim 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə isə həmin universitetin “Riyazi analiz” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Elgün Əliyev əmək fəaliyyətinə daim yenilikçi yanaşması, peşəkarlığı və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilmişdir. O, 2011-2018-ci illərdə “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə riyaziyyat müəllimi və metodist, 2018-2024-cü illərdə isə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində riyaziyyat müəllimi və metodbirləşmə rəhbəri vəzifələrində çalışmışdır.
Elgün müəllim eyni zamanda Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Müəllimlərə metodiki dəstək” layihəsi çərçivəsində “Sinfin effektiv idarə edilməsi”, “Məktəbdaxili qiymətləndirmə” və “Yeni nəsil dərsliklər üzrə riyaziyyatın tədrisi metodikası” istiqamətləri üzrə təlimçi kimi də fəaliyyət göstərir.
Onun təhsil sahəsindəki səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2020-ci ildə Təhsil Nazirliyinin Təşəkkürnaməsinə, 2021-ci ildə Fəxri Fərmana, 2022-ci ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
Elgün müəllimin rəhbərlik etdiyi məktəbdə sağlam mənəvi mühit, yüksək pedaqoji əməkdaşlıq və qarşılıqlı hörmət hökm sürür. O, pedaqoji kollektivin, valideynlərin və şagirdlərin böyük rəğbətini qazanmışdır. Hər bir şagirdə öz doğma övladı kimi yanaşması, onların təhsili, tərbiyəsi və gələcəyi naminə yorulmadan çalışması Elgün müəllimi fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Elgün adı da öz mənası etibarilə işıq, nur, xalqın gücü və qüdrəti anlamını ifadə edir. Həqiqətən də, Elgün müəllim öz fəaliyyəti ilə təhsilin işıqlı yolunda irəliləyən, şagirdlərinə bilik nuru bəxş edən, dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edən ziyalı rəhbər obrazını təcəssüm etdirir.
Elgün Əliyev hər zaman şəhid ailələrinə və qazilərimizə xüsusi hörmət və ehtiramla yanaşır. Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələrinə diqqət göstərməyi, qazilərimizin qayğıları ilə maraqlanmağı özünün vətəndaşlıq və mənəvi borcu hesab edir.
Məktəbdə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Novruz bayramı, Müstəqillik Günü, Zəfər Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eləcə də digər əlamətdar tarixi günlər və bayramlar yüksək səviyyədə qeyd olunur. Bu tədbirlər şagirdlərdə milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissinin və dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edir.
Elgün müəllim inanır ki, müəllimin ən böyük uğuru onun yetişdirdiyi şagirdlərin gələcəkdə öz müəllimlərini sevgi, hörmət və xoş xatirələrlə xatırlamasıdır. Şübhəsiz ki, bu gün Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlər də illər sonra Elgün müəllimi qayğıkeş, savadlı və nümunəvi rəhbər kimi dərin hörmətlə xatırlayacaqlar.
Belə ziyalı, peşəsinə vurğun, dövlətinə sədaqətli təhsil fədailərinin fəaliyyəti Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Yasamal rayonu Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbi də Elgün Əliyev kimi dəyərli rəhbərin fəaliyyəti ilə haqlı olaraq qürur duyur.