Gündəm
198
29-06-2026, 14:48

TƏHSİLƏ HƏSR OLUNMUŞ ŞƏRƏFLİ ÖMÜR – MEHDİQULU ASLANOVUN NÜMUNƏVİ FƏALİYYƏT YOLU

 "Hər bir müəllim bilməlidir ki, onun fəaliyyəti dövlət üçün, xalq üçün, ölkənin gələcəyi üçün ən mühüm fəaliyyət sahələrindən biridir.!"
_Bu dəyərli və hikmətli sözlərin müəllifi olan Ümummilli Lider Heydər Əliyev müəllim peşəsini hər zaman yüksək qiymətləndirmiş, müəllim adını cəmiyyətin ən müqəddəs və şərəfli peşəsi adlandırmışdır. Həqiqətən də, gələcəyimizin etibarlı təminatı olan gənc nəslin formalaşmasında müəllimin rolu əvəzsizdir. Müəllim yalnız bilik öyrədən deyil, həm də vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq, yüksək əxlaqi keyfiyyətlərə malik vətəndaş yetişdirən müqəddəs peşə sahibidir.
Azərbaycanın ən gənc və sürətlə inkişaf edən şəhərlərindən biri olan Sumqayıt bu gün öz sənaye potensialı ilə yanaşı, elmə, təhsilə və maarifçiliyə verdiyi önəmlə də seçilir. Qonaqpərvər insanları, zəngin ziyalı mühiti, vətənpərvər oğul və qızları ilə tanınan Sumqayıt şəhəri ölkəmizə çoxsaylı alimlər, müəllimlər, mühəndislər, həkimlər və dövlətinə sədaqətlə xidmət edən layiqli vətəndaşlar bəxş etmişdir. Şəhərin təhsil müəssisələri isə gələcəyimizin memarlarını yetişdirən müqəddəs ocaqlar kimi daim xüsusi hörmətlə qarşılanır.
Belə nümunəvi təhsil ocaqlarından biri də Sumqayıt şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbidir. Bu təhsil müəssisəsinin qazandığı uğurlarda məktəbin direktoru Mehdiqulu Aslanovun zəhməti, təşkilatçılığı və peşəkarlığı xüsusi yer tutur.
Mehdiqulu Aslanov uzun illərdir ki, təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən, müəllim peşəsinin məsuliyyətini dərindən dərk edən, öz işinə böyük sevgi və bağlılıqla yanaşan ziyalı rəhbərlərdən biridir. Onun həyat yolu gənc nəslin savadlı, vətənpərvər və milli ruhda yetişdirilməsi kimi şərəfli bir missiyaya həsr olunmuşdur.
Mehdiqulu müəllimin rəhbərlik etdiyi məktəbdə sağlam mənəvi mühit, qarşılıqlı hörmət və yüksək pedaqoji əməkdaşlıq hökm sürür. O, pedaqoji kollektivlə daim səmimi münasibətlər qurur, müəllimlərin peşəkar inkişafına xüsusi diqqət yetirir, onların uğurlarını yüksək qiymətləndirir. Məhz bu xüsusiyyətləri onu həm kollektivin, həm valideynlərin, həm də şagirdlərin sevimlisinə çevirmişdir.
Valideynlər övladlarını etibar etdikləri bu təhsil ocağında yaradılmış sağlam və təhlükəsiz mühitdən razılıqlarını ifadə edir, şagirdlər isə Mehdiqulu müəllimi yalnız rəhbər kimi deyil, həm də qayğıkeş, səmimi və doğma insan kimi qəbul edirlər. Çünki o, hər bir şagirdə öz doğma övladı kimi yanaşır, onların uğurlarına ürəkdən sevinir, problemlərinə həssaslıqla yanaşır və gələcəkdə layiqli vətəndaş kimi yetişmələri üçün bütün bilik və bacarığını əsirgəmir.
Mehdiqulu adı da öz mənası etibarilə dərin məna daşıyır. Bu ad “dinə, mənəvi dəyərlərə xidmət edən, yüksək mənəviyyata malik insan” anlamını ifadə edir. Mehdiqulu müəllimin həyat və fəaliyyət yolu da məhz bu mənəvi dəyərlərlə səsləşir. Onun insanpərvərliyi, xeyirxahlığı, yüksək mənəvi keyfiyyətləri, dövlətə və dövlətçiliyimizə sədaqəti hər kəs tərəfindən böyük hörmətlə qarşılanır.
Mehdiqulu Aslanov hər zaman şəhid ailələrinə və qazilərimizə xüsusi həssaslıq və diqqətlə yanaşır. O, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə hörmət və ehtiram göstərməyi özünün mənəvi borcu hesab edir, imkanları daxilində onlara dəstək göstərməyə çalışır. Bu xüsusiyyət onun vətənpərvərliyinin və yüksək insani keyfiyyətlərinin bariz nümunəsidir.
Məktəbdə milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunun aşılanmasına xüsusi diqqət yetirilir. Burada 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Novruz bayramı, Respublika Günü, Müstəqillik Günü, Zəfər Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər əlamətdar tarixlər yüksək səviyyədə qeyd olunur. Keçirilən tədbirlər şagirdlərin milli ruhda, Vətənə və dövlətə bağlı böyüməsində mühüm rol oynayır.
Mehdiqulu müəllim hesab edir ki, müəllimin ən böyük mükafatı onun yetişdirdiyi şagirdlərin uğurları və illər sonra belə müəllimlərini sevgi, hörmət və xoş xatirələrlə xatırlamalarıdır. Bu gün məktəbin məzunlarının öz müəllimlərini ehtiramla yad etmələri, məktəblərinə bağlılıqlarını qoruyub saxlamaları görülən işlərin ən gözəl göstəricisidir.
Təhsil sahəsində qazandığı uğurlar, peşəsinə olan sonsuz sevgisi, dövlətə və dövlətçiliyimizə sədaqəti, insanlara göstərdiyi qayğı və diqqət Mehdiqulu Aslanovu nümunəvi təhsil rəhbərlərindən birinə çevirmişdir.
Belə ziyalı, fədakar və peşəsinə sadiq müəllimlərin fəaliyyəti Azərbaycanın gələcəyinə xidmət edir. Sumqayıt şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbi də Mehdiqulu Aslanov kimi dəyərli rəhbərin fəaliyyəti ilə haqlı olaraq qürur duyur.

Top xəbərlər
Gün
Həftə
Ay