"Xalqın sağlamlığı dövlətin ən böyük sərvətidir!" _ Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev səhiyyə sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı göstərmiş, insanların sağlamlığının keşiyində dayanan ağ xalatlı insanları cəmiyyətin ən hörmətli nümayəndələri adlandırmışdır. Ulu Öndər qeyd edirdi ki, "Həkim insanlara həyat bəxş edən, onların sağlamlığını qoruyan müqəddəs peşə sahibidir". Məhz onun müəyyənləşdirdiyi dövlət siyasəti nəticəsində ölkəmizdə səhiyyənin inkişafı üçün möhkəm təməl yaradılmışdır. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikanın bütün bölgələrində müasir xəstəxanaların, diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, tibb işçilərinə göstərilən yüksək diqqət və qayğı dövlətin səhiyyə sahəsinə verdiyi önəmin bariz göstəricisidir.
Qədim Qarabağın dilbər guşələrindən olan Ağdam rayonu əsrlər boyu özünün qonaqpərvər insanları, zəngin mədəniyyəti, elm və sənət adamları, ziyalıları ilə seçilmişdir. Qarabağın ürəyi hesab olunan Ağdam torpağı Azərbaycanın ictimai-siyasi, elmi və mədəni həyatına böyük töhfələr vermiş görkəmli şəxsiyyətlər yetişdirmişdir. Bu müqəddəs yurdun insanları hər zaman mərdliyi, vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı ilə nümunə olmuşlar.
Ağdamın qəhrəman oğulları Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində misilsiz şücaətlər göstərərək Azərbaycan xalqının şanlı tarixini yazmışlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş Qarabağ torpaqlarında, o cümlədən Ağdam rayonunda bu gün geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Ağdam yenidən dirçəlir, yeni yollar, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar tikilir, şəhər və kəndlərə həyat qayıdır. Bütün bunlar Azərbaycan dövlətinin öz doğma torpaqlarına sahib çıxmasının, Qarabağı əvvəlkindən daha gözəl görmək əzminin təzahürüdür.
Belə müqəddəs torpağın yetirmələrindən biri də 1960-cı ildə Ağdam rayonunun Şelli Qaradağlı kəndində dünyaya göz açmış, ömrünü insan sağlamlığına, elmə və xeyirxahlığa həsr etmiş tanınmış alim, tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovdur.
Professor Yaşar İbadov Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, uzun illər Əsgəran, Bərdə və Ağdam rayonlarında baş həkim kimi çalışaraq insanların sağlamlığının keşiyində dayanmışdır. O, həmçinin Bakı şəhərində yerləşən "Maarif" sanatoriyasında baş həkim vəzifəsində fəaliyyət göstərmişdir.
Yaşar İbadov yalnız peşəkar həkim deyil, həm də dünya elminə mühüm töhfələr vermiş alimdir. O, canlı sistemlərin zaman və məkan daxilində şəkil dəyişməsini – metamorfozalarını öyrənən yeni elmi istiqamətin əsasını qoymuş və bu istiqamətdə apardığı tədqiqatlara görə 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi almışdır. Tibbi biologiya elmləri doktoru, professor olan alim eyni zamanda Oksford Universitetinin akademiki, Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasında departament rəhbəri kimi fəaliyyət göstərmişdir.
Professor Yaşar İbadov nanotexnologiya ilə hazırlanmış harmonizatorların, psixoqrafiya metodunun və xüsusi tibbi-psixoloji testlərin müəllifidir. Onun elmi əsərləri, ixtiraları və tədqiqatları beynəlxalq səviyyədə yüksək qiymətləndirilmiş, Avropa keyfiyyət nişanına layiq görülmüşdür.
Lakin Yaşar müəllimi insanlara sevdirən yalnız elmi uğurları deyil. O, ilk növbədə Hippokrat andına sadiq qalan, insanlara sevgi və qayğı ilə yanaşan, yüksək mənəvi keyfiyyətlərə malik ziyalı həkim kimi tanınır. Müharibə dövründə və sonrakı illərdə bir çox həkimlər kimi o da şəhid ailələrinə, qazilərə, veteranlara və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşmış, onları növbədənkənar qəbul etmiş, sağlamlıqlarının bərpası üçün əlindən gələn köməyi əsirgəməmişdir.
Xüsusilə Vətən müharibəsindən sonra psixoloji travmalar yaşamış qazilərimizin, veteranlarımızın və müharibə iştirakçılarının müalicəsində, onlara mənəvi dayaq göstərilməsində Yaşar müəllimin xidmətləri xüsusi qeyd olunmalıdır. O, müraciət edən hər bir insanı diqqətlə dinləyir, onların ağrı-acısını öz ağrısı kimi qəbul edir və hər zaman ümid, inam aşılamağa çalışır.
Professor Yaşar İbadov dövlətinə və dövlətçiliyinə sonsuz sədaqət göstərən ziyalılardandır. O, Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşən və ölkəmizin inkişafı naminə fəaliyyət göstərən ziyalılarımız sırasındadır. Yaşar müəllim qazandığı hər bir uğuru Azərbaycan elminin və dövlətinin uğuru hesab edir.
Yaşar İbadovun ən böyük insani keyfiyyətlərindən biri də şəhidlərimizə göstərdiyi ehtiramdır. O, mütəmadi olaraq şəhidlərimizin məzarlarını ziyarət edir, onların əziz xatirəsini daim yad edir, ehsan süfrələri təşkil edir və şəhid ailələrinin yanında olmağa çalışır. Bu, onun vətənpərvərliyinin, milli-mənəvi dəyərlərimizə bağlılığının bariz nümunəsidir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımız üçün böyük tarixi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissənin yaradılması milli ordumuzun formalaşmasının əsası olmuşdur. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır və 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə xalqımıza qürur, sevinc və başucalığı bəxş etmişdir.
Bu əlamətdar gün münasibətilə Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovu səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni elmi nailiyyətlər və şərəfli fəaliyyətində davamlı uğurlar arzulayırıq. Arzu edirik ki, müraciət edən hər bir xəstəni öz doğması kimi qarşılayan, onların şəfa tapması üçün bütün bilik və bacarığını əsirgəməyən Yaşar müəllimin xeyirxah əməlləri daim ona uğur gətirsin və onun minlərlə pasiyenti harada yaşamalarından asılı olmayaraq hər zaman qürurla "Bizim Yaşar həkim" deyə xatırlasınlar.
Bu tarixi gün münasibətilə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, Uca Allahdan onlara rəhmət diləyirik.
Ruhları şad, məkanları cənnət olsun!