Ordumuz xalqımızın qürur mənbəyidir, güvənc yeridir.!
Heydər Əliyev
Azərbaycan Respublikasının Ümummilli Lideri
Bu müdrik və uzaqgörən fikirlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ordusuna verdiyi yüksək dəyərin, dövlətçilik siyasətində ordu quruculuğuna göstərdiyi xüsusi diqqətin parlaq ifadəsidir. Məhz dahi rəhbərin əsasını qoyduğu milli ordu quruculuğu strategiyası bu gün də uğurla davam etdirilir və daha da inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışlarının birində qeyd etmişdir: “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun gücü xalqımızın iradəsinə, vətənpərvərliyinə və dövlətimizin gücünə əsaslanır.” Həqiqətən də, müasir Azərbaycan Ordusu öz qüdrəti, peşəkarlığı və döyüş qabiliyyəti ilə regionun ən güclü ordularından birinə çevrilmişdir.
26 iyun Azərbaycan xalqının şanlı hərb tarixinin ən əlamətdar günlərindən biridir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu tarixi qərar müstəqil Azərbaycan dövlətinin milli ordusunun formalaşdırılması istiqamətində atılmış mühüm addım oldu. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə milli ordu quruculuğu prosesi yarımçıq qaldı.
Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycanda peşəkar hərbi kadrların hazırlanması istiqamətində ciddi işlər görüldü. Məhz onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı və bu təhsil ocağı gələcək Azərbaycan Ordusunun peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynadı.
Müstəqilliyimizin bərpasından sonra isə ölkəmizdə yaranmış ağır siyasi və hərbi vəziyyət Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra aradan qaldırıldı. Dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində nizami ordu quruculuğu prosesi sürətləndirildi, orduda vahid komandanlıq prinsipi bərqərar edildi və Silahlı Qüvvələrimizin möhkəm təməli formalaşdırıldı.
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi və həmin tarixdən etibarən hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz qüdrətinin ən yüksək zirvəsinə çatmışdır. Ordumuz 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi, xalqımıza böyük Zəfər sevincini yaşatdı. Şanlı Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbə dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan Ordusu müasir silahlarla təchiz olunmuş, peşəkar və yüksək döyüş hazırlığına malik qüdrətli bir ordudur. Ordumuzun gücü yalnız müasir hərbi texnikada deyil, həm də Vətənə sonsuz sevgi ilə xidmət edən əsgər və zabitlərimizin vətənpərvərliyində, xalqımızın dövlətimizə və ordumuza göstərdiyi dəstəkdədir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyev başda olmaqla bütün hərbçilərimizi, zabitlərimizi, gizirlərimizi, əsgərlərimizi ürəkdən təbrik edir, onların şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayırıq.
Bu möhtəşəm günlərin sevincini və qürurunu bizə yaşadan qəhrəman oğullarımız – şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə və veteranlarımıza sağlam, uzun ömür arzulayırıq.
Vətən müharibəsi dövründə ordumuza həm maddi, həm də mənəvi dəstək göstərən, Ali Baş Komandanın ətrafında sıx birləşərək böyük həmrəylik nümayiş etdirən vətənpərvər Azərbaycan xalqını da bu əlamətdar bayram münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Hər birimizi müstəqil Azərbaycanımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad etməyə, onların adlarını yaşatmağa, dövlətimizin və Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq.
Bayramınız mübarək, əziz Azərbaycan xalqı! Bayramınız mübarək, Azərbaycanımızın şərəfli oğulları!
Bizə hər bir tarixi günün qürurunu, sevincini yaşadan Vətən fədailəri – Şəhidlərimizin adı hər bir Azərbaycan vətəndaşı üçün and yeri, qürur yeridir. Bu gün Vətənimiz Azərbaycan məhz belə qəhrəman oğulların çiyinləri üzərində dayanır.
Sizinlə fəxr edirik, Azərbaycan əsgərləri!
ŞƏFA ŞƏKİLİ