Azərbaycanın qədim mədəniyyət beşiklərindən biri olan, əsrlərin yaddaşını özündə yaşadan, zəngin tarixi, bənzərsiz memarlıq abidələri, füsunkar təbiəti, qonaqpərvər insanları, şirin ləhcəsi və dadlı mətbəxi ilə hər kəsin qəlbində xüsusi yer tutan qədim Şəki diyarı daim ölkəmizə görkəmli şəxsiyyətlər, ziyalılar, elm adamları və dövlətinə sədaqətlə xidmət edən dəyərli insanlar bəxş etmişdir.
Qədim karvansaraları, tarixi küçələri, əsrarəngiz təbiəti, saf və səmimi insanları ilə seçilən Şəki təkcə Azərbaycanın deyil, bütövlükdə regionun mədəniyyət mərkəzlərindən biri hesab olunur. Bu torpaq öz qədimliyi qədər həm də yetişdirdiyi ziyalıları, peşəkar mütəxəssisləri və cəmiyyətə faydalı insanları ilə tanınır. Məhz belə insanlardan biri də uzun illərdir su təsərrüfatı sahəsində səmərəli fəaliyyəti ilə seçilən, "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin direktoru Bayram Məmmədovdur.
Bayram Məmmədov illərdir fəaliyyət göstərdiyi sahədə peşəkarlığı, işinə məsuliyyətlə yanaşması, insanlarla səmimi münasibəti və dövlətçilik prinsiplərinə sadiqliyi ilə həm kollektivinin, həm də onu yaxından tanıyan insanların hörmətini qazanmış rəhbərlərdən biridir. O, rəhbərlik etdiyi sahədə üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməyə, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmağa və mövcud problemlərin həlli istiqamətində səylərini əsirgəməməyə çalışan rəhbər kimi tanınır.
Ümummilli Lider Heydər Əliyev ölkəmizin bütün sahələri kimi meliorasiya və su təsərrüfatı sahəsinin inkişafına da daim xüsusi diqqət və qayğı göstərmişdir. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində ölkəmizdə bu sahədə mühüm layihələr həyata keçirilmiş, əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Bu gün həmin uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Şəki rayonunda da su təsərrüfatının inkişafı, müasir infrastrukturun qurulması və əhalinin keyfiyyətli xidmətlə təmin olunması istiqamətində mühüm işlər görülür. Bu dövlət qayğısı öz növbəsində sahədə çalışan rəhbər və mütəxəssisləri daha məsuliyyətlə işləməyə ruhlandırır.
Bayram Məmmədov da bu etimadı doğrultmağa çalışan, dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət etməyi özünün əsas həyat prinsiplərindən biri hesab edən rəhbərlər sırasındadır. Onu yaxından tanıyanlar Bayram Məmmədovun sadəliyini, insanlara qarşı xoş münasibətini, müraciətlərə həssas yanaşmasını və səmimi davranışını xüsusi vurğulayırlar. İnsanların problemlərinə biganə qalmamaq, imkan daxilində onların müraciətlərinin həllinə kömək göstərmək onun fəaliyyətində mühüm yer tutur.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı misilsiz birlik və həmrəylik nümayiş etdirdi. Həmin günlərdə hər bir vətəndaş kimi Bayram Məmmədov da ordumuzun və dövlətimizin yanında olmağı özünün vətəndaşlıq borcu hesab etmişdir. O, imkanları daxilində hərbi hissələrə, əsgər ailələrinə dəstəyini əsirgəməmiş, Vətən uğrunda canından keçən şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı göstərməyi özünün mənəvi borcu saymışdır.
Vətənə sevgi, dövlətə sədaqət və xalqa xidmət prinsipləri Bayram Məmmədovun həyat və fəaliyyət yolunun əsas qayəsini təşkil edir. Uzun illər ərzində qazandığı hörmət və etimad da məhz bu keyfiyyətlərin nəticəsidir.
Əminliklə demək olar ki, doğma Şəki torpağının yetirdiyi dəyərli insanlardan biri kimi Bayram Məmmədov bundan sonra da öz fəaliyyəti ilə dövlətimizin inkişafına, insanların rifahına və cəmiyyətimizin tərəqqisinə töhfələr verməyə davam edəcəkdir.
Çünki xalqa xidmət etmək, dövlətə sədaqətlə bağlı olmaq və insanlara fayda vermək ən ali mənəvi dəyərlərdəndir.