Gündəm
396
22-06-2026, 17:28

Körpələrimizin Sabahı Uğrunda Xidmət Edənlərin Əməyi Obyektiv Qiymətləndirilməlidir

 

 Xaçmaz rayonu özünün füsunkar təbiəti, saf havası, əsrarəngiz meşələri, zəngin flora və faunası, qədim tarixi, qonaqpərvər insanları ilə hər zaman seçilib. Bu gözəl diyar təkcə təbiəti ilə deyil, həm də yetişdirdiyi ziyalıları, elm adamları, pedaqoqları və vətənpərvər insanları ilə ölkəmizin ictimai-mədəni həyatında özünəməxsus yer tutur.
Xaçmaz rayonunun insanları əsrlər boyu milli-mənəvi dəyərlərimizə sadiqliyi, qonaqpərvərliyi və xeyirxahlığı ilə tanınıblar. Bu torpaq daim elmə, təhsilə və gənc nəslin sağlam ruhda böyüməsinə xüsusi önəm verib.
Məlumdur ki, insan şəxsiyyətinin formalaşmasının əsası məhz məktəbəqədər dövrdə qoyulur. Körpələr evi və uşaq bağçaları yalnız uşaqlara ilkin bilik verən müəssisələr deyil, həm də onların şəxsiyyət kimi formalaşmasında, cəmiyyətə uyğunlaşmasında, Vətənə, ailəyə və milli-mənəvi dəyərlərə bağlı ruhda böyüməsində mühüm rol oynayan müqəddəs təhsil ocaqlarıdır.
Ümummilli Lider Heydər Əliyev uşaqlara daim böyük sevgi və qayğı ilə yanaşaraq qeyd edirdi ki, uşaqlar xalqımızın gələcəyi, dövlətimizin sabahıdır. Məhz buna görə də Ulu Öndər ölkəmizdə təhsil sahəsinə, xüsusilə məktəbəqədər təhsilin inkişafına xüsusi diqqət yetirmişdir.
Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeni məktəb və uşaq bağçalarının tikilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, uşaqların rahat və təhlükəsiz şəraitdə tərbiyə alması dövlətimizin gələcəyimiz olan körpələrə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Eyni zamanda, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələr məktəbəqədər təhsil müəssisələrinin inkişafına, uşaqların daha rahat və xoşbəxt şəraitdə böyüməsinə mühüm töhfələr verir.
Son dövrlər bəzi informasiya resurslarında və sosial şəbəkələrdə müxtəlif təhsil müəssisələri, o cümlədən uşaq bağçaları haqqında müəyyən iddialar səsləndirilir. Şübhəsiz ki, hər bir iddia araşdırılmalı, hüquqi qiymətini almalıdır. Lakin hüquqi cəhətdən təsdiqlənməmiş məlumatların qəti hökm kimi təqdim olunması, konkret sübut və faktlar göstərilmədən şəxslər haqqında mənfi ictimai rəy formalaşdırılması nə peşə etikası, nə də hüquqi baxımdan düzgün hesab edilə bilər.
Əgər hər hansı yazıda "iddialara görə", "araşdırmalar aparıldığı bildirilir", "müxtəlif səbəblərdən hüquqi müstəviyə çıxarılmayıb", "görünməz təsir mexanizmləri" kimi ifadələr işlədilirsə, təbii olaraq cəmiyyətdə suallar yaranır. Bu araşdırmaları hansı qurum aparıb? Faktları kim təqdim edib? Məsələ hansı dövlət orqanında araşdırılıb? Əgər qanun pozuntusu aşkar olunubsa, niyə rəsmi qərar açıqlanmayıb?
Hüquqi dövlətin əsas prinsiplərindən biri ondan ibarətdir ki, hər bir şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan təqsirli hesab edilə bilməz. Buna görə də rəsmi hüquqi nəticə olmadan hər hansı şəxsin və ya müəssisənin fəaliyyətinə qəti qiymət verilməsi düzgün yanaşma sayıla bilməz.
Təəssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, əsassız və ya tam araşdırılmamış məlumatlar bəzən cəmiyyətdə məktəbəqədər təhsil müəssisələrinə, müəllimlərə və tərbiyəçilərə qarşı mənfi münasibətin formalaşmasına səbəb olur. Halbuki müəllim və tərbiyəçi adı hər zaman yüksək hörmətə layiq olub və bu ada kölgə salmaq gələcəyimiz olan uşaqların təhsil anlayışına da mənfi təsir göstərə bilər.
Xaçmaz rayon 2 saylı Körpələr Evi-Uşaq Bağçasının rəhbəri Həmayıl İsgəndərova da uzun illərdir məktəbəqədər təhsil sahəsində çalışan, körpələrin təlim-tərbiyəsinə öz töhfəsini verən pedaqoqlardan biri kimi tanınır. Onu yaxından tanıyanların fikrincə, Həmayıl xanım öz peşəsinə bağlılığı, uşaqlara qayğıkeş münasibəti, kollektivlə səmimi münasibətləri və pedaqoji fəaliyyətə məsuliyyətli yanaşması ilə seçilir.
Körpələrin rahatlığı, sağlam inkişafı və xoşbəxt böyüməsi naminə çalışan hər bir tərbiyəçi və rəhbərin əməyinə obyektiv qiymət verilməsi vacibdir. Çünki uşaqların gələcəyi naminə çalışan insanların fəaliyyəti yalnız dəqiq faktlar və hüquqi nəticələr əsasında qiymətləndirilməlidir.
Müəllim və tərbiyəçi adı müqəddəsdir. Bu müqəddəs adı qorumaq, onun nüfuzunu saxlamaq isə hər birimizin mənəvi borcudur.
Gəlin, gələcəyimiz olan körpələrin təhsil aldığı ocaqlara, onların tərbiyəçilərinə və müəllimlərinə obyektiv yanaşaq, faktlara söykənən mövqe nümayiş etdirək və cəmiyyətimizdə sağlam düşüncə mühitinin formalaşmasına birlikdə töhfə verək.

Top xəbərlər
Gün
Həftə
Ay