"Bizim gələcəyimiz gənclərdir. Gənclər nə qədər sağlam, savadlı, vətənpərvər olsalar, Azərbaycanın gələcəyi də bir o qədər parlaq olacaq". Ulu Öndər Heydər Əliyevin bu fikirləri hər zaman öz aktuallığını qoruyur. Çünki dövlətin gələcəyi onun gənclərinə göstərilən diqqət və qayğıdan asılıdır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyini dövlətin strateji qüvvəsi hesab edir, onların hərtərəfli inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirirdi. Bu gün də həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, Azərbaycan gəncləri ölkənin gələcəyidir və onların sosial rifahının, məşğulluğunun, təhsilinin və inkişafının təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir.
Təəssüf ki, bəzi hallarda gənclərlə bağlı səsləndirilən fikirlər cəmiyyətdə müxtəlif suallar doğurur.
Deyirlər, qulaq gündə bir söz eşitməsə kar olar. Vallah, sağ olsunlar qulağımızı paslanmağa qoymayan o cibi dolu, qəlbi insan sevgisindən kasad olan bəzi pullu məmurlar.
Bu səhərimizi də Milli Məclisin deputatı Aqil Abbasın gənclərlə bağlı səsləndirdiyi fikirlərlə açdıq.
Aqil Abbas bildirir ki, gənclər Qarabağa heç bir təmənna gözləmədən, ödənişsiz, könüllü şəkildə işləməyə getməlidirlər.
Bu fikirlər bir sıra vətəndaşlarda müəyyən suallar doğurur. Cənab deputat, könüllülük təkcə kasıb gənclərə, cavanlara aiddirmi? Müharibəyə könüllü cavanlar getməlidir, tər tökməyə könüllü olaraq cavanlar getməlidir, ancaq insan kimi rahat yaşamağa isə könüllülük yoxdur?
Deyəsən unuduruq ki, Qarabağda tarix yazanlar da məhz könüllü gənclərimiz oldu.
Bu gün həmin gənclərin hansı şəraitdə böyüdüklərinə, hansı çətinliklərlə üzləşdiklərinə də nəzər salmaq lazımdır. Hər şeyə həsrətlə baxaraq böyüyən, bir qarnı ac, bir qarnı tox böyüyən uşaqlarımızın gülməyə, əylənməyə, sosial həyata qoşulmağa da ehtiyacları var.
Bir çox ailələrdə uşaqların yeganə əyləncə vasitəsi telefon olub. Gənclərin asudə vaxtının səmərəli təşkili üçün daha çox kitabxanalar, mədəniyyət mərkəzləri, idman və əyləncə məkanları yaradılmalıdır. Gənclərimiz elmə, təhsilə, mütaliəyə və yaradıcı fəaliyyətə daha çox cəlb edilməlidir.
Bəs gənclər könüllü işləyəcəklərsə, ailələrini necə dolandıracaqlar? Onlar nə yeyəcək, necə yaşayacaqlar? Bu suallar da cavabını tapmalıdır.
Biz övladlarımızı Vətən üçün böyütmüşük. Torpaq uğrunda canından keçən qeyrətli oğullar yetişdirmişik. Bu, danılmaz həqiqətdir. Lakin heç bir valideyn öz övladını kiminsə əvəzsiz əmək qüvvəsi olması üçün böyütmür.
Kimliyindən asılı olmayaraq, heç kimin başqa bir insanın övladına yuxarıdan aşağı baxmağa haqqı yoxdur. İnsanlara hörmət cəmiyyətin əsas mənəvi dəyərlərindən biridir.
Mən ilk gündən demişəm, yenə də deyirəm: Günay Ağamalının uşaq pulu ilə bağlı söylədiyi fikirlərdə müəyyən həqiqətlər vardı. Təəssüf ki, cəmiyyət həmin fikirləri fərqli istiqamətə yönəltdi.
Eyni fikirlər mərhum Fəzail Ağamalının gilasla bağlı səsləndirdiyi açıqlamalarda da özünü göstərirdi. Mən hesab edirəm ki, Fəzail Ağamalı həmin fikirləri kasıbları alçaltmaq məqsədilə deyil, məhz bazardakı qiymətlərin yüksəkliyinə diqqət çəkmək üçün səsləndirmişdi. O demək istəyirdi ki, əgər yüksək vəzifəli şəxs belə müəyyən məhsulları almaqda çətinlik çəkirsə, bəs sadə vətəndaş necə etsin?
Təəssüf ki, həmin fikirlər fərqli istiqamətə yozuldu və həm Fəzail Ağamalı, həm də qızı Günay Ağamalı ciddi tənqid hədəfinə çevrildi.
Yəqin ki,mənimlə razılaşarsınız ki,dövlətdən zəhmət çəkmədən alınan yüksək maaşın nəticəsidir ki,bu gün cənab deputatımız insan əməyini qiymətləndirmir.Qeyd etmək lazımdır ki, ictimai xadimlərin səsləndirdikləri fikirlər cəmiyyətdə müxtəlif reaksiyalar doğura bilər və hər bir vətəndaş həmin fikirləri öz baxış bucağından dəyərləndirmək hüququna malikdir.
Müəllif kimi qeyd edirəm ki, nə mərhum Fəzail Ağamalı, nə də Günay Ağamalı ilə hər hansı dostluq, qohumluq və ya yaxın münasibətim yoxdur. Sadəcə hesab edirəm ki, cəmiyyətdə səsləndirilən fikirlərə emosiyalarla deyil, məntiqlə yanaşmaq lazımdır.
Bu yazını oxuyan hər kəsdən xahişim odur ki, yazılan hər cümlə üzərində düşünərək, fərqli fikirlərə qarşı qarşılıqlı hörmət nümayiş etdirsin. Bir-birimizi olduğumuz kimi tanımaq, sözlərimizi deyildiyi kimi anlamağa çalışmaq cəmiyyət qarşısında mənəvi borcumuzdur.
Əks halda, nə münasibətlərimiz səmimi olacaq, nə də cəmiyyətimizdə sağlam dialoq formalaşacaq.Allah gənclərimizi, cavanlarımızı və körpələrimizi qorusun.
Allah dünyamızı salamat etsin.