Gündəm
242
18-06-2026, 14:30

KÖRPƏLƏRİN HÜQUQLARI HƏR ŞEYDƏN ÜSTÜNDÜR – İDDİALAR ARAŞDIRILMALI, ƏDALƏT TƏMİN OLUNMALIDIR

 Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Sumqayıt təkcə sənaye mərkəzi kimi deyil, həm də təhsilə, elmə və gələcək nəslin formalaşmasına verdiyi töhfələrlə seçilir. Qonaqpərvər insanları, vətənpərvər gəncləri və ziyalıları ilə tanınan bu şəhərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri körpələrin ilk həyat məktəbi hesab olunur.
Məktəbəqədər təhsil müəssisələri uşaqların ilk sosial mühiti, ilk dostluq ünvanı, ilk tərbiyə məktəbidir. Məhz burada körpələr paylaşmağı, bərabərliyi, dostluğu, mərhəməti və qarşılıqlı hörməti öyrənirlər. Bu səbəbdən bağçalarda çalışan hər bir müəllim və tərbiyəçi yalnız pedaqoq deyil, eyni zamanda psixoloq, qayğıkeş yolgöstərən və uşaqların şəxsiyyətinin formalaşmasında mühüm rol oynayan şəxsdir.
Son günlər Sumqayıt şəhər 3 saylı Körpələr evi Uşaq bağçasının müdiri Aytən Xəlilova ilə bağlı bəzi valideynlər tərəfindən müəyyən iddialar səsləndirilib. İddialarda uşaqlara münasibətdə kobud davranış, qeyri-rəsmi pul ıyığımı, ayrı-seçkilik və digər məsələlərdən bəhs olunur.
Lakin vacib məqam ondan ibarətdir ki, hazırda bunlar yalnız iddia xarakteri daşıyır. Hər hansı şəxs və ya qurum barədə qəti nəticəyə gəlmək üçün mütləq araşdırma aparılmalı, həm şikayətçilərin, həm də bağça rəhbərliyinin mövqeyi dinlənilməlidir. Hüquqi dövlətin əsas prinsiplərindən biri də məhz tərəflərin mövqeyinin obyektiv şəkildə öyrənilməsidir.
Əgər səsləndirilən iddialar öz təsdiqini taparsa, bu hallar həm etik, həm pedaqoji, həm də hüquqi baxımdan ciddi pozuntu hesab edilməlidir. Çünki uşaqlar arasında maddi imkanlara görə fərq qoyulması, hər hansı körpənin kollektivdən kənarlaşdırılması və ya ona qarşı fərqli münasibət göstərilməsi uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər.
Digər tərəfdən, bəzən səsləndirilən iddiaların araşdırma nəticəsində təsdiqini tapmadığı hallar da olur. Buna görə də cəmiyyət olaraq emosiyalarla deyil, faktlarla danışmalı, aidiyyəti qurumların araşdırmasının nəticəsini gözləməliyik.
Bağçalarda bu kimi halların qarşısının alınması üçün valideynlərlə rəhbərlik arasında açıq dialoq qurulmalı, şikayət mexanizmləri əlçatan olmalı, şəffaflıq təmin edilməli və bütün maliyyə məsələləri qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Hər bir tədbir könüllülük prinsipi əsasında təşkil edilməli, heç bir uşaq valideyninin maddi imkanına görə fərqləndirilməməlidir.
Unutmamalıyıq ki, söhbət yalnız maliyyə məsələsindən getmir. Burada söhbət azyaşlı uşaqların hüquqlarından, onların psixoloji rifahından və gələcək həyatından gedir. Bir körpənin qəlbində yaranan inciklik, qorxu və ya özgüvən itkisi illərlə onun həyatına təsir göstərə bilər.
Bir müəllim ilk növbədə psixoloq olmalıdır. O, uşağın qəlbinə yol tapmağı, onu anlamağı, sevgiylə tərbiyə etməyi bacarmalıdır. Körpələrin gələcək həyatı ilə oynamaq, onların psixoloji durumuna mənfi təsir göstərə biləcək davranışlara yol vermək nə insanlığa, nə vicdana, nə də pedaqoq adına yaraşır.
Ümid edirik ki, məsələ aidiyyəti qurumlar tərəfindən obyektiv şəkildə araşdırılacaq, həqiqət üzə çıxarılacaq və nəticədən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun qərarlar veriləcək.
Çünki hər bir uşaq təhlükəsiz, ədalətli və sevgi dolu mühitdə böyüməyə layiqdir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq