Gündəm
66
14-06-2026, 18:42

Şəkinin İşıqlı Sabahına Nur Saçan Müəllimlər - Unudulmayan Məktəb Xatirələrim


Azərbaycanın qədim tarixini, milli-mənəvi dəyərlərini və zəngin mədəniyyətini özündə yaşadan, əsrlərin sınağından alnıaçıq çıxan şəhərlərindən biri də Şəkidir. Füsunkar təbiəti, yaşıl meşələri, sərin bulaqları, qədim küçələri, özünəməxsus memarlıq üslubu, şirin ləhcəsi, qonaqpərvər və saf qəlbli insanları ilə dillər əzbəri olan Şəki hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.
Bu qədim diyar təkcə öz təbiət gözəllikləri ilə deyil, həm də yetişdirdiyi ziyalıları, elm adamları, müəllimləri, sənətkarları və vətənpərvər insanları ilə şöhrət qazanıb. Şəki torpağı neçə-neçə tanınmış şəxsiyyətlər yetişdirərək Azərbaycanın ictimai, elmi və mədəni həyatına böyük töhfələr verib. Məhz buna görə də Şəki adı çəkiləndə insanın gözləri önündə həm qədimlik, həm də mənəvi zənginlik canlanır.
Mənim üçün isə Şəki sadəcə bir şəhər deyil. O, ata-baba yurdumdur, uşaqlıq illərimin keçdiyi doğma elim-obamdır. Bu torpağın hər küçəsi, hər daşı, hər ağacı mənim üçün bir xatirədir. İllər ötür, zaman dəyişir, lakin insanı uşaqlıq illərinə aparan xatirələr heç vaxt köhnəlmir.
Məni həmin illərə aparan ünvanlardan biri də Şəkinin mərkəzində yerləşən, bir zamanlar Maksim Qorki adını daşıyan, bu gün isə Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta ümumtəhsil məktəbidir. Onilliklər boyu minlərlə uşağın elm yoluna çıraq tutan bu məktəb sadəcə təhsil ocağı deyil, həm də neçə-neçə talelərin formalaşdığı müqəddəs bir məkandır.
Bu məktəbin sinif otaqları, dəhlizləri, həyəti bu gün də mənim yaddaşımda yaşayır. İlk dəfə əlifbanı öyrəndiyim, ilk dəfə müəllim qayğısını hiss etdiyim, ilk uğurlarımın sevincini yaşadığım günlər məhz burada keçib. Bu məktəb mənim həyatımın ən dəyərli səhifələrinin yazıldığı ünvanlardan biridir.
Həmin səhifələrin ən parlaq simalarından biri isə ilk müəllimim Əliheydər Hüseynov olub. Bu gün onun haqqında keçmiş zamanda danışmaq qəlbimi sızladır. Təəssüf ki, artıq haqq dünyasındadır. Lakin elə insanlar var ki, onlar fiziki olaraq aramızda olmasalar da, öyrətdikləri biliklərdə, yetişdirdikləri insanlarda yaşamağa davam edirlər. Əliheydər müəllim məhz belə şəxsiyyətlərdən idi.
O, hər bir şagirdinə doğma övladı kimi yanaşar, onların gələcəyi üçün yorulmadan çalışardı. Zahirən ciddi və tələbkar görünsə də, qəlbi mərhəmət və sevgi ilə dolu idi. Mənə ilk dəfə qələmi düzgün tutmağı, hərfləri yazmağı, kitabı sevməyi, biliyin gücünə inanmağı öyrədən insan məhz o olub.
Bu gün qazandığım hər bir uğura baxanda ilk növbədə Əliheydər müəllimi xatırlayıram. Çünki həyatımın təməlini qoyan, məni elm yoluna istiqamətləndirən məhz o olub. Bu gün əldə etdiyim nailiyyətlərin arxasında onun zəhməti, sevgisi və müəllim fədakarlığı dayanır.
Təhsil aldığımız illərdə Əliheydər müəllimin səhhəti ilə bağlı çətin günlər də olmuşdu. Ürək xəstəliyindən əziyyət çəkdiyi bir dövrdə bizim təhsilimizlə Svetlana xanım məşğul olurdu. O da öz qayğıkeşliyi, səmimiyyəti və müəllim məsuliyyəti ilə yaddaşlarımızda silinməz izlər qoyub. Hər iki müəllimimizin bizə göstərdiyi diqqət və qayğı bu gün də minnətdarlıqla xatırlanır.
Mən bu gün Azərbaycan Dövlət Nəşriyyatına qədər uzanan yaradıcılıq yolumda əməyi olan bütün müəllimlərim qarşısında özümü borclu sayıram. Xüsusilə Azərbaycan dili və Ədəbiyyat müəllimim Qaratel xanım Qaffarova qarşı.
Məndə olan yazı qabiliyyətini hələ məktəb illərində hiss edən, məni yazmağa həvəsləndirən, sözə sevgimi artıran məhz Qaratel xanım olub. Hazırda Elm və Təhsil Nazirliyində fəaliyyət göstərən bu dəyərli ziyalı müəllimə mənim üçün sadəcə pedaqoq deyil, həm də mənəvi yol göstəricisidir. Harada olsam da, onun adını qürurla çəkəcək, mənə verdiyi dəyərli tövsiyələri minnətdarlıqla xatırlayacağam.
Əliheydər müəllim, Svetlana xanım, Qaratel xanım və məktəbimizin bütün müəllimləri mənim həyatımda silinməz iz qoymuş insanlardır. Onlar bizə sadəcə dərs keçmədilər, onlar bizi həyata hazırladılar, insan olmağı öyrətdilər, vicdanlı və vətənpərvər böyüməyimiz üçün əllərindən gələni etdilər.
Təəssüflə qeyd etməliyik ki, müasir dövrdə belə müəllimlərin sayı getdikcə azalır. Halbuki cəmiyyətimizin gələcəyi məhz onların çiyinləri üzərində qurulur. Müəllim adına əvvəlki hörmətin, əvvəlki dəyərin qaytarılması zamanın ən vacib tələblərindən biridir. Çünki uşaqlarımızın xoşbəxt gələcəyi, ölkəmizin sabahı müəllimlərin verdiyi təhsildən başlayır.
Bu gün doğma məktəbimi,uşaqlıq illərimi,orta məktəb həyatımı və ən əsası ibtidai təhsilimi xatırlamağım heç də təsadüfi deyil. Çünki bu müqəddəs təhsil ocağında bu gün bizim ailəmiz üçün də çox əziz olan bir məktəbli təhsil alır. O məktəbli ki, onun uğurları, sevinci və qazandığı nailiyyətlər bizləri də sevindirir, qürurlandırır. Söhbət Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Uğur Vüqar oğlu Balacazadədən gedir.
Uğur təhsil aldığı məktəbin adını şərəflə daşıyan, müəllimlərinin sevgisini qazanan, gələcəyinə böyük ümidlər bəslənilən məktəblilərdən biridir. Onun ilk təhsil yolunda ən böyük dəstəkçilərindən biri isə ibtidai sinif müəlliməsi Ziyafət xanım Mehdiyeva olub.
Müəllimlik sadəcə peşə deyil, böyük məsuliyyət, sonsuz səbir və tükənməz sevgi tələb edən müqəddəs missiyadır. Bu müqəddəs missiyanı şərəflə yerinə yetirən müəllimlərdən biri də Ziyafət xanım Mehdiyevadır. O, ömrünün ən dəyərli illərini uşaqların təlim-tərbiyəsinə həsr edən, onların savadlı, vətənpərvər, ziyalı şəxsiyyət kimi formalaşması üçün çalışan müəllimlərdəndir.
Ziyafət müəllimə hər bir şagirdinə doğma övladı kimi yanaşır. Bəzən həyatın çətinlikləri, qayğıları, insanın ürəyində gizlətdiyi kədərlər olur. Lakin müəllim sinfə daxil olduğu anda bütün bunları unudaraq üzündə təbəssüm yaratmağı bacarmalıdır. Çünki qarşısında gələcəyimiz olan uşaqlar dayanır. Ziyafət müəllimə də məhz belə müəllimlərdəndir. O, ürəyində hansı ağrı, hansı qayğı olursa-olsun, sinfə daxil olduqda bütün diqqətini şagirdlərinə yönəldir, onların sevincini öz sevinci, uğurunu öz uğuru hesab edir.
Dörd il əvvəl balaca əllərindən tutaraq məktəb həyatına gətirdiyi uşaqlar artıq ibtidai təhsillə vidalaşırlar. Dörd il ərzində birlikdə keçən günlər, öyrənilən ilk hərflər, yazılan ilk sözlər, alınan ilk qiymətlər, keçirilən tədbirlər və unudulmaz xatirələr bu gün hər kəsin gözləri önündən bir kino lenti kimi keçir.
Bu ayrılıq həm müəllim, həm də şagirdlər üçün kövrək bir andır. Çünki dörd il ərzində bir ailəyə çevrilən sinif kollektivi artıq yeni mərhələyə qədəm qoyur. Ziyafət müəllimə hər bir şagirdinə qürurla baxır. O baxışlarda həm sevinc, həm fərəh, həm də ayrılığın yaratdığı kövrəklik hiss olunur.
Şagirdlər də öz növbəsində müəllimlərinə minnətdarlıq hisslərini ifadə etməyə çalışırlar. Bəzən sözlə deyilməyən təşəkkürlər olur. Elə təşəkkürlər ki, uşaqların baxışlarından, gözlərindəki sevgidən, ayrılmaq istəməyən kövrək baxışlarından hiss olunur. Bu, müəllim əməyinə verilən ən böyük qiymətdir.
Bu gün həmin şagirdlər arasında xüsusi olaraq Uğur Vüqar oğlu Balacazadənin adı çəkilir. Çünki bu gün onun həyatında ikiqat sevinc yaşanır. Bir tərəfdən ibtidai təhsilini uğurla başa vurur, digər tərəfdən isə ömrünün yeni bir yaşına qədəm qoyur.
Əziz Uğur!
Bu əlamətdar gün münasibətilə səni ürəkdən təbrik edirəm. Sənə uzun ömür, möhkəm can sağlığı, xoşbəxt günlər və işıqlı gələcək arzulayıram. Qoy adın kimi həyatın da daim uğurlarla müşayiət olunsun. Qoy hər zaman valideynlərinin, müəllimlərinin və doğmalarının qürur yeri olasan.
Bu gün sənin üçün sadəcə ad günü deyil. Bu gün həm də uşaqlıq həyatının ilk böyük uğurlarından birinin qeyd olunduğu gündür. İbtidai təhsil mərhələsini uğurla başa vuraraq həyatının yeni bir pilləsinə qədəm qoyursan. Qarşıda səni daha böyük hədəflər, daha böyük uğurlar gözləyir.
İnanıram ki, Ziyafət müəllimənin, məktəbin müəllim kollektivinin və valideynlərinin sənə verdiyi biliklər gələcək həyatında ən möhkəm dayağın olacaq. Qoy bu gün aldığın xeyir-dualar ömrün boyu sənin yoluna işıq salsın.
Əzizimiz Uğur!
Ad günün mübarək! Yeni yaşın sənə sevinc, səadət, sağlamlıq və saysız-hesabsız uğurlar gətirsin. Həyatının hər günü bayram ovqatlı, qəlbin arzularla dolu olsun. Qoy uğur həmişə sənin ən yaxın yol yoldaşın olsun.
Bu münasibətlə Uğurun təhsil aldığı sinifdə oxuyan bütün şagirdləri də təbrik edir, onlara gələcək təhsil həyatlarında böyük nailiyyətlər arzulayıram. Qoy hər biri vətəninə, xalqına faydalı, savadlı və ləyaqətli vətəndaş kimi yetişsin.
Sonda Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Filyar xanım başda olmaqla bütün pedaqoji kollektivi qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edirəm.
Arzu edirəm ki, məktəbin müəllimləri və rəhbərliyi hər zaman şagirdlərinin sevgisini qazansın, onların yaddaşında xoş xatirələrlə yaşasınlar. Qoy bu məktəbdən məzun olan hər bir şagird illər sonra belə öz müəllimlərinin, məktəb rəhbərliyinin və məktəbin adını qürurla çəksin.
Çünki insan ömründə məktəb sadəcə təhsil aldığı bina deyil. Məktəb insanın xarakterinin formalaşdığı, ilk dostluqların yarandığı, ilk uğurların qazanıldığı, müəllim sevgisinin hiss edildiyi müqəddəs bir ocaqdır.
İllər keçir, zaman dəyişir, insanlar böyüyür. Lakin uşaqlıq illərinin məktəb xatirələri heç vaxt köhnəlmir. Hər dəfə həmin illəri xatırlayanda qəlbimizdə bir istilik, bir doğmalıq hissi yaranır. Çünki məktəb insan ömrünün ən saf, ən təmiz və ən unudulmaz səhifəsidir.
Bu gün də Şəkinin qədim küçələrində, doğma məktəbimizin divarları arasında yeni arzular doğulur, yeni ümidlər cücərir, gələcəyimizin qurucuları yetişir. Bu müqəddəs missiyanı həyata keçirən bütün müəllimlərə sonsuz təşəkkürlər olsun.
Bir daha 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün müəllimləri, məktəb kollektivini, valideynləri və şagirdləri təbrik edir, Uğur Vüqar oğlu Balacazadəyə yeni yaşında və yeni təhsil mərhələsində sonsuz uğurlar arzulayıram.
Yolun açıq, taleyin gözəl, gələcəyin parlaq olsun,canım Uğurum.

Top xəbərlər
Gün
Həftə
Ay