Gündəm
66
2-06-2026, 12:12

Şüvəlanın inkişafına xidmət edən rəhbər – Telman Süleymanovun fəaliyyət yolu


Bakı şəhərinin ən gözəl və füsunkar guşələrindən biri olan Xəzər rayonunun Şüvəlan qəsəbəsi öz təmiz havası, əsrarəngiz təbiəti, qədim tarixi, qonaqpərvər və mərd insanları ilə hər zaman seçilmişdir. Xəzərin sahilində yerləşən bu gözəl məkan təkcə paytaxt sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da rəğbətlə üz tutduğu yaşayış məntəqələrindən biridir. Şüvəlanın insanları əsrlər boyu milli-mənəvi dəyərlərimizi qoruyub saxlamış, zəhmətkeşliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə nümunə olmuşlar.
Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyəti də ildən-ilə daha da təkmilləşir. Bələdiyyələr vətəndaşların sosial rifahının yaxşılaşdırılmasında, yerli problemlərin həllində, abadlıq və quruculuq işlərinin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu sahədə son altı il ərzində işgüzar fəaliyyəti ilə diqqət çəkən şəxslərdən biri də Şüvəlan bələdiyyəsinin sədri Telman Bilal oğlu Süleymanovdur.
Telman Bilal oğlu Süleymanov 3 iyul 1973-cü ildə Şüvəlan qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə orta məktəbi bitirmiş, 1996-cı ildə Azərbaycan İdman Akademiyasında, 2012-ci ildə isə Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. Uzun illər aviasiya sistemində müxtəlif məsul vəzifələrdə çalışaraq zəngin idarəçilik təcrübəsi qazanmışdır.
Yeni Azərbaycan Partiyasının üzvü olan Telman Süleymanov 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilmiş, 15 yanvar 2020-ci ildə Şüvəlan bələdiyyəsinin ilk iclasında bələdiyyə sədri vəzifəsinə seçilmişdir. Həmin vaxtdan etibarən öz bilik və bacarığını qəsəbənin inkişafına, sakinlərin rifahına və bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsinə yönəltmişdir.
Telman Süleymanov fəaliyyətində daim dövlətə və dövlətçiliyə sədaqət prinsipini əsas tutmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bələdiyyələrin inkişafı, vətəndaş məmnunluğunun təmin edilməsi və sosial rifahın yüksəldilməsi ilə bağlı tapşırıq və sərəncamlarını rəhbər tutaraq üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmişdir. Onun rəhbərliyi ilə bələdiyyənin fəaliyyətində şəffaflıq, vətəndaşlarla açıq ünsiyyət və operativ xidmət prinsiplərinə xüsusi önəm verilir.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı ölkəmizin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Telman Süleymanov da bu sahədə öz həssas münasibəti ilə seçilir. Şəhid ailələrinin müraciətlərinə xüsusi diqqət göstərilməsi, onların növbədənkənar qəbul edilməsi, problemlərinin həlli istiqamətində imkan daxilində dəstəyin göstərilməsi onun fəaliyyətinin mühüm istiqamətlərindəndir. Qazilərimizə göstərilən mənəvi dəstək və diqqət də onun vətəndaş məsuliyyətinin göstəricisidir.
Bu gün Şüvəlan qəsəbəsinin inkişafı, sakinlərin rifahı və yerli özünüidarəetmə sahəsində görülən işlər Telman Süleymanovun zəhmətinin və təşkilatçılıq bacarığının nəticələrindən biri kimi qiymətləndirilir. Dövlətə sədaqətli xidmət, xalqa bağlılıq və vətəndaş məmnunluğu onun fəaliyyətinin əsas meyarlarını təşkil edir.
Fürsətdən istifadə edərək Şüvəlan bələdiyyəsinin sədri Telman Bilal oğlu Süleymanovu Müqəddəs Qurban bayramı və 28 May – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayırıq.
Uca Allah kəsilən qurbanları qəbul etsin, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq bəxş etsin. Müstəqilliyimizin əbədi və sarsılmaz olması naminə çalışan hər bir vətəndaş kimi Telman müəllimin də fəaliyyəti daim uğurlarla müşayiət olunsun. Bayramlarınız mübarək olsun!
Top xəbərlər
Gün
Həftə
Ay