Gündəm
24
19-05-2026, 13:45

Biləcərinin nur saçan gələcəyi – körpə fidanların böyüdüyü müqəddəs təhsil ocağı

Qədimliyi, gözəlliyi və mehriban insanları ilə seçilən Biləcəri qəsəbəsi paytaxtın özünəməxsus ab-havası olan yaşayış məntəqələrindən biridir. Qonaqpərvər insanları, milli-mənəvi dəyərlərə bağlı sakinləri və vətənpərvər oğulları ilə tanınan Biləcəri hər zaman Azərbaycanın qəhrəmanlıq tarixində öz layiqli yerini qorumuşdur. Bu torpaq Vətən uğrunda canından keçən igid oğulları ilə qürur duyur, onların göstərdikləri qəhrəmanlıq və şücaət gənc nəslə örnək olaraq yaddaşlarda yaşayır.
Bu gün Binəqədi rayonunda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri rayonun simasını daha da gözəlləşdirir, insanların rifahının yüksəlməsinə xidmət edir. Elxan Allahverdiyev rəhbərliyi altında həyata keçirilən sosial layihələr, yenidənqurma və abadlıq tədbirləri nəticəsində rayonun küçələri, parkları, sosial və təhsil obyektləri müasir görkəm alır, gələcəyimiz olan uşaqlar üçün daha sağlam və təhlükəsiz mühit yaradılır.
Belə nümunəvi təhsil ocaqlarından biri də 298 saylı Körpələr evi-uşaq bağçasıdır. Bu bağça körpə balalarımızın ilk təhsil ünvanı olmaqla yanaşı, onların dünyagörüşünün formalaşdığı, milli-mənəvi dəyərlərlə böyüdüyü müqəddəs bir məkan kimi fəaliyyət göstərir.
Bu şərəfli və məsuliyyətli təhsil müəssisəsinə ziyalı ömrü, yüksək mədəniyyəti və nümunəvi fəaliyyəti ilə seçilən Aysel Behrudi Alməmmədova rəhbərlik edir. Aysel xanımın fəaliyyəti yalnız rəhbərliklə məhdudlaşmır; o, hər bir körpəyə ana qayğısı ilə yanaşan, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi üçün böyük zəhmət göstərən dəyərli bir ziyalıdır.
Onun rəhbərliyi altında bağçada uşaqlara xüsusi diqqət və qayğı göstərilir, onların hər günü sevinc dolu, yaddaqalan və əlamətdar hadisələrlə zəngin olur. Körpə balalarımız burada yalnız oyun oynayıb əylənmir, eyni zamanda məktəbəqədər elmə, təhsilə yiyələnir, gələcək həyatlarının ilk və ən vacib təməlini qururlar. Təlim və tərbiyə prosesində uşaqların dünyagörüşünün inkişafı, onların bilik və bacarıqlarının formalaşması daim diqqət mərkəzində saxlanılır.
Bağçada hər bir əlamətdar və tarixi gün böyük həssaslıqla qeyd edilir. Tarixi keçmişimizə, milli qəhrəmanlıq salnaməmizə həsr olunan tədbirlər vasitəsilə körpə fidanlara Vətən sevgisi, milli kimlik və mənəvi dəyərlər aşılanır. Xüsusilə şəhidlərimizin qəhrəmanlıq yolundan bəhs olunması, onların müqəddəs xatirəsinin ehtiramla yad edilməsi uşaqlarda vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir.
Körpə balalarımızın şəhid məzarlarını ziyarət etməsi, onların ruhuna hörmət əlaməti olaraq dualar oxuması, qəhrəmanlarımızın xatirəsinə ehtiram göstərməsi olduqca təsirli və mənəvi baxımdan mühüm addımdır. Çünki vətənə sevgi, torpağa bağlılıq və qəhrəmanlara hörmət hissi məhz uşaqlıqdan formalaşır.
Bağçada şəhid ailələrinə və qazilərə hörmət və diqqət göstərilməsi də xüsusi önəm daşıyan mənəvi dəyərlərdəndir. Körpələrə izah edilir ki, bu qəhrəman insanlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda böyük fədakarlıqlar göstərmişlər. Bu isə gələcək nəslin həm mərhəmətli, həm də Vətəninə sədaqətli böyüməsinə mühüm töhfə verir.
Bu gün Biləcəri qəsəbəsində fəaliyyət göstərən 298 saylı Körpələr evi-uşaq bağçası savadlı, dünyagörüşlü, milli ruhda tərbiyə olunan körpə fidanların yetişdiyi örnək məktəbəqədər təhsil müəssisələrindən biri kimi öz şərəfli missiyasını uğurla davam etdirir. Aysel xanım Alməmmədovanın rəhbərliyi altında həyata keçirilən bu müqəddəs xidmət gələcəyimiz olan uşaqların sağlam, bilikli və vətəninə bağlı bir şəxsiyyət kimi formalaşmasına böyük töhfə verir.
Qoy bu müqəddəs təhsil ocağında körpə gülüşləri heç vaxt əskik olmasın, burada böyüyən hər bir uşaq sabahın savadlı, vicdanlı və Vətəninə layiqli vətəndaşı kimi ölkəmizin inkişafına öz töhfəsini versin.