Gündəm
25
10-03-2026, 13:57

Suraxanının nur saçan sabahı – körpə fidanların yetişdiyi müqəddəs ocaq

Qədim tarixə, zəngin mədəniyyətə və vətənpərvər insanlara sahib olan Suraxanı rayonu bu gün də inkişafı, abadlığı və qonaqpərvər insanları ilə seçilən bölgələrdən biridir. Bakı şəhərinin bu gözəl guşəsi yalnız neft tarixinin deyil, həm də vətənə sədaqətli, dövlətinə bağlı insanların yetişdiyi bir yurd kimi tanınır. Suraxanı torpağı hər zaman mərd, vətənpərvər oğulları ilə fəxr edib, qonaqpərvər sakinləri ilə seçilib.
Son illərdə rayonun daha da gözəlləşməsi, abadlaşması və sosial infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər görülür. Bu inkişafın arxasında isə Adil Əliyev rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü layihələr dayanır. Onun rəhbərliyi altında rayonun küçələri, parkları, sosial obyektləri yenilənir, xüsusilə də gələcəyimiz olan uşaqlar üçün təhsil və tərbiyə ocaqları müasir standartlara uyğun qurulur.
Bu baxımdan Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən 277 saylı Körpələr evi‑uşaq bağçası xüsusi əhəmiyyət daşıyan təhsil müəssisələrindən biridir. 1993-cü ildə inşa edilən bu bağçanın binasında zamanla təmir işlərinə ehtiyac yarandığından Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada əsaslı yenidənqurma işləri aparılmışdır. Müasir tələblərə uyğun şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçası zəruri mebel, inventar və avadanlıqlarla tam təmin edilmişdir.
220 yerlik bu məktəbəqədər təhsil müəssisəsi iki korpusdan ibarətdir. Bağçanın həyətyanı sahəsi də abadlaşdırılmış, uşaqların sağlam və şən böyüməsi üçün müxtəlif əyləncə qurğuları quraşdırılmışdır. Bu müasir və rahat şərait körpələrin təhlükəsiz, sevgi dolu mühitdə tərbiyə almasına imkan yaradır.
Bu şərəfli təhsil ocağına isə ziyalı ömrü və nümunəvi fəaliyyəti ilə seçilən Aygün Allahverdiyeva rəhbərlik edir. Aygün xanımın bağçaya rəhbərliyi yalnız idarəçilik deyil, həm də böyük ana qayğısı, sonsuz sevgi və məsuliyyət nümunəsidir. Onun rəhbərliyi altında bağçada hər bir körpəyə xüsusi diqqət göstərilir, uşaqların hər günü sevinc dolu, yaddaqalan və öyrədici anlarla zəngin olur.
Burada balalarımız yalnız oyun oynayıb vaxt keçirmir, eyni zamanda məktəbəqədər təhsilin əsaslarını mənimsəyir, ilk biliklərini qazanır, gələcək həyatlarının təməli qoyulur. Bağçada keçirilən müxtəlif dərslər, maarifləndirici tədbirlər və yaradıcı məşğələlər uşaqların dünyagörüşünü genişləndirir, onların elmə və təhsilə marağını artırır.
Eyni zamanda bağçada milli və mənəvi dəyərlərin aşılanmasına xüsusi diqqət yetirilir. Tariximizə və qəhrəmanlıq salnaməmizə həsr olunan tədbirlərdə balacalara Vətən uğrunda canından keçən qəhrəmanlarımız – şəhidlərimiz haqqında məlumat verilir. Onların müqəddəs xatirəsi ehtiramla yad edilir. Körpə balalarımızın şəhid məzarlarını ziyarət etməsi, onların ruhuna hörmət əlaməti olaraq dualar oxunması uşaqlarda vətənə sevgi, qəhrəmanlara ehtiram hissini daha da gücləndirir.
Bağçada şəhid ailələrinə və qazilərə göstərilən diqqət və hörmət də yüksək mənəvi dəyərlərin təcəssümüdür. Bu münasibət uşaqların qəlbində humanizm, mərhəmət və vətənpərvərlik kimi ali hisslərin formalaşmasına böyük töhfə verir.
Bu gün Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən bu bağça gələcəyin savadlı, vətənpərvər və ləyaqətli vətəndaşlarının yetişdiyi müqəddəs bir ocaq kimi öz fəaliyyətini uğurla davam etdirir.
Fürsətdən istifadə edərək 277 saylı Körpələr evi-uşaq bağçasının rəhbərliyini və kollektivini Müqəddəs Ramazan ayı münasibətilə səmimi qəlbdən təbrik edir, tutulan orucların, edilən duaların qəbul olunmasını arzulayırıq. Eyni zamanda xalqımızın qədim ənənələrindən biri olan Yel Çərşənbəsi və qarşıdan gələn bahar ətirli Novruz bayramı münasibətilə ən xoş arzularımızı çatdırırıq.
Qoy bu müqəddəs günlər hər bir ocağa ruzi-bərəkət, sevinc və firavanlıq gətirsin. Uşaqlarımızın gülüşü, xoşbəxtliyi və uğurları isə daim ölkəmizin gələcəyinə işıq saçsın. Suraxanı torpağında böyüyən hər bir körpə sabahın savadlı, vətəninə bağlı və ləyaqətli vətəndaşı olsun.