Gündəm
32
2-03-2026, 14:06

Ləyaqətin Keşiyində Dayanan Müəllim

Son zamanlar sosial şəbəkələrdə və müxtəlif informasiya platformalarında müəllim adı ilə bağlı səsləndirilən iddialar, yayılan birtərəfli görüntülər və emosional paylaşımlar cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Təəssüf ki, belə hallar təkcə bir şəxsin deyil, bütövlükdə müəllim adının üzərinə kölgə salmağa çalışır. Halbuki müəllim adı – bu xalq üçün həmişə müqəddəs, toxunulmaz və yüksək dəyər ifadə edən anlayış olub.
Bakı şəhərinin Xətai rayonunda yerləşən 63 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Nüşabə Həndəm qızı Eminova haqqında səsləndirilən iddialar fonunda bir məqamı xüsusilə vurğulamaq lazımdır: hər bir məsələ araşdırılmadan, sübuta yetirilmədən ictimailəşdirildikdə bu, artıq tənqid yox, nüfuz zədələmə kampaniyasına çevrilə bilər.
Mən təkcə bir yazar kimi deyil, eyni zamanda bir valideyn kimi də deyə bilərəm ki, müəllim adını gözdən salmaqla biz əslində öz övladlarımızın gələcəyinə zərbə vururuq. Çünki məktəb sadəcə bina deyil – gələcəyin təməli, cəmiyyətin formalaşdığı məkandır. Müəllim isə o təməlin memarıdır.
Uzun illər təhsil sahəsində çalışan, öz peşəsinə bağlılığı, işinə məsuliyyəti və tələbkarlığı ilə seçilən Nüşabə xanım Eminovanı tanıyanlar onun şagirdlərinə qarşı həssas münasibətini, valideynlərlə açıq dialoqa üstünlük verməsini və təhsil prosesində şəffaflıq prinsipini əsas tutduğunu yaxşı bilirlər. Təlim-tərbiyə işləri üzrə direktor müavini kimi onun əsas məqsədi məktəbdə sağlam mənəvi mühitin qorunması, şagirdlərin düzgün istiqamətləndirilməsi və müəllim kollektivinin işinin koordinasiyasıdır.
Təəssüf ki, bəzən neqativ halların yaranmasında yalnız təhsil işçilərini ittiham etmək obyektiv yanaşma deyil. Reallıq ondan ibarətdir ki, bəzi valideynlər övladlarının müəllim yanında “xüsusi diqqət” qazanmasını maddi vasitələrlə təmin etməyə çalışırlar. Onlar düşünürlər ki, müəllimin gözünə xoş görünməyin yolu hədiyyə və ya maddi təklifdən keçir. Halbuki bu, həm müəllimi çətin vəziyyətə salır, həm də uşağın şüurunda yanlış dəyərlər formalaşdırır.
Biz müəllimlərimizi bir zamanlar o qədər uca tutmuşuq ki, onları sanki yeməyən-içməyən, dünyəvi ehtiyaclardan uzaq insanlar kimi görmüşük. Müəllim də insandır – zəhmət çəkir, çalışır, ailə saxlayır. Amma bu heç vaxt o demək deyil ki, onun ləyaqəti şübhə altına alınmalıdır və ya əsassız ittihamlarla cəmiyyət qarşısında nüfuzu sarsıdılmalıdır.
Müəllimin könlünü almağın yolu rüşvət deyil – övladın tərbiyəsi, dərsə məsuliyyətli yanaşması, valideynin məktəblə əməkdaşlığıdır. Əgər biz həqiqətən övladlarımızın gələcəyini düşünürüksə, müəllimə hörmət etməli, onu ictimai qınaq hədəfinə çevirməməliyik. Çünki müəllimi gözdən salmaq – təhsili gözdən salmaqdır. Təhsili gözdən salmaq isə gələcəyi sual altına qoymaqdır.
Bu gün Nüşabə xanım Eminovanı müdafiə etmək təkcə bir şəxsi müdafiə etmək deyil. Bu, müəllim adına, təhsil sisteminə və gələcəyimizə sahib çıxmaq deməkdir. Ədalətli araşdırma aparılmadan, birtərəfli informasiyalarla hökm vermək nə hüquqa, nə də vicdana sığır.
Gəlin, tənqid edərkən məsuliyyətli olaq. Gəlin, müəllim adını ucaltmaq üçün çalışaq. Çünki sabah övladlarımızın taleyi yenə də onların əllərində olacaq.