

Azərbaycanın cənub qapısı, Xəzərin sahilində Talış dağlarının ətəyində qərar tutan Astara şəhəri əsrlərdir qonaqpərvərliyi, mərdliyi və vətən sevgisi ilə seçilən insanları ilə tanınır. Bu gözəl diyarın hər daşı, hər küçəsi, hər ocağı Vətənə sədaqətin, torpağa bağlılığın canlı nümunəsidir. Astara insanı həmişə mərhəməti, səmimiyyəti, xeyirxahlığı ilə seçilib; dar gündə əl tutmağı, ağır gündə çiyin-çiyinə dayanmağı özünə borc bilib.
44 günlük Vətən müharibəsi – Qarabağ müharibəsi zamanı Astaranın igid oğulları da ön cəbhədə qəhrəmanlıq dastanı yazdılar. Onlar canları bahasına torpaqlarımızın azadlığı uğrunda döyüşərək tarixə şərəfli imza atdılar. Bu gün Astara şəhidlərinin ruhu hər birimizin qəlbində yaşayır, qazilərimizin şücaəti isə gənc nəslə örnəkdir.
Astara həm də elm, təhsil diyarıdır. Bu şəhərdə yetişən müəllimlər, ziyalılar, elm adamları ölkəmizin inkişafına öz töhfələrini verirlər. Xüsusilə Astara şəhər 5 saylı tam orta məktəb öz uğurları, nizam-intizamı və vətənpərvər ruhlu şagirdləri ilə seçilir.
Bu təhsil ocağına rəhbərlik edən Arzu xanım Əhmədova öz şərəfli ömür yolunu məhz elmə, gənclərin sağlam ruhda formalaşmasına həsr etmiş ziyalı xanımdır. Onun rəhbərliyi altında məktəbdə şagirdlərə yalnız bilik deyil, eyni zamanda milli-mənəvi dəyərlər, Vətən sevgisi, böyüyə hörmət, kiçiyə qayğı aşılanır. Arzu xanımın pedaqoji kollektivlə səmimi münasibəti, valideynlərlə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı məktəbdə sağlam və nümunəvi mühit formalaşdırıb.
O, şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərməyi hər bir müəllimin mənəvi borcu hesab edir. Məktəbdə tez-tez şəhid ailələri ilə görüşlər keçirilir, qazilər dəvət olunur, onların qəhrəmanlıq yolundan şagirdlərə danışılır. Bu, gənclərin vətənpərvər ruhda böyüməsinə xidmət edir.
Arzu xanımın rəhbərliyi ilə məktəbdə 26 Fevral – Xocalı soyqırımı günü xüsusi həssaslıqla qeyd olunur. Şagirdlərə bu tarixin insanlığa qarşı törədilmiş qanlı cinayət olduğu aşılanır, günahsız qadınların, körpələrin, qocaların amansızcasına qətlə yetirilməsi faktları geniş şəkildə izah edilir. Məktəbdə Xocalı həqiqətlərinin təbliği məqsədilə tədbirlər planı hazırlanır, anım mərasimləri, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar təşkil olunur. Şagirdlər Xocalı abidəsini və şəhidlərimizin məzarlarını ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bu ziyarətlər gənc nəslə tarixi unutdurmamaq, yaddaşlarda əbədi yaşatmaq məqsədi daşıyır.
Məktəbdə digər əlamətdar və tarixi günlər də yüksək səviyyədə qeyd olunur. Milli bayramlarımız, anım günlərimiz şagirdlərin iştirakı ilə həm maarifləndirici, həm də vətənpərvərlik ruhunda təşkil edilir. Bu isə bir daha sübut edir ki, təhsil yalnız dərs proqramı ilə məhdudlaşmır – təhsil həm də milli şüurun formalaşdırılmasıdır.
Ulu öndər Heydər Əliyev müəllim əməyinə hər zaman yüksək qiymət verərək bildirirdi ki, cəmiyyətin gələcəyi müəllimin əlindədir. Bu gün həmin siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil sahəsinə göstərilən diqqət və qayğı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi bunun bariz nümunəsidir. Astara şəhər 5 saylı tam orta məktəbin uğurları da məhz bu dövlət qayğısının nəticəsidir.
Bu gün elimizə-obamıza qədəm qoyan mübarək Ramazan ayı münasibətilə
Astara şəhər 5 saylı tam orta məktəbin direktoru Arzu xanım Əhmədova başda olmaqla
müəllim və şagird kollektivini səmimi-qəlbdən təbrik edirik. Uca Allah tutulan orucları, edilən duaları qəbul etsin, şəhidlərimizin ruhunu şad, qazilərimizə möhkəm can sağlığı versin. Qoy Ramazan ayının nuru hər bir ocağa ruzi-bərəkət, birlik və mərhəmət gətirsin.
Astara – sərhəddə dayanan Vətən nəfəsi, igid oğullar yurdu, elm və mənəviyyat beşiyi olaraq daim var olsun!