
Azərbaycanın cənub incisi sayılan Masallı rayonu əsrarəngiz təbiəti, sərin bulaqları, yaşıl meşələri, saf havası ilə yanaşı, xeyirxah, mərd və vətənpərvər insanları ilə də seçilən bir diyardır. Bu torpaq tarix boyu həm zəhmətkeşliyi, həm də Vətənə sədaqəti ilə tanınan igid oğullar yetişdirib. Masallının adı çəkiləndə təbiət gözəllikləri ilə yanaşı, şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımız da qürurla xatırlanır.
Belə bir mübarək diyarın təhsil həyatında mühüm yer tutan elm ocaqlarından biri N.Nərimanov adına Masallı şəhər 2 saylı Tam Orta məktəbdir. Bu məktəb bu gün yalnız bilik verən təhsil müəssisəsi deyil, həm də vətənpərvərlik, milli-mənəvi dəyərlər və tarixə hörmət məktəbi kimi fəaliyyət göstərir.
Məktəbin direktoru, təcrübəli və ziyalı rəhbər Mehriban Rza qızı Əzizova bütün fəaliyyəti ilə sübut edir ki, təhsil sadəcə dərs keçmək deyil, övladlarımızın xoşbəxt gələcəyini, firavan həyatını formalaşdırmaq missiyasıdır. Onun rəhbərliyi altında məktəbdə sağlam pedaqoji mühit, müəllim–şagird münasibətlərində qarşılıqlı hörmət və etimad hökm sürür. Mehriban xanım hər bir şagirdə ayrı-ayrılıqda yanaşmağı, onların istedad və bacarıqlarını üzə çıxarmağı əsas prinsip kimi qəbul edir.
Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə olan dərin sevgisi və qayğısı hər zaman Azərbaycan təhsilinin inkişafının əsas dayaqlarından biri olub. “Müəllim cəmiyyətin ən hörmətli adamıdır” deyən dahi şəxsiyyətin bu siyasəti bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Təhsilə göstərilən dövlət qayğısı, müəllim əməyinin yüksək qiymətləndirilməsi Mehriban Əzizova kimi fədakar rəhbərlərin fəaliyyətində də aydın şəkildə hiss olunur.
Məktəbdə bütün əlamətdar bayramlar, tarixi günlər və milli yaddaşımız üçün önəmli hadisələr yüksək səviyyədə qeyd olunur. Xüsusilə 20 Yanvar faciəsinin günahsız qurbanlarının yad edilməsi məktəbdə böyük həssaslıqla keçirilir. Bu günlərdə şagirdlərə həmin qanlı gecənin tarixi həqiqətləri çatdırılır, xalqımızın azadlıq uğrunda verdiyi qurbanlar haqqında ətraflı məlumat verilir.
Eyni zamanda məktəb kollektivi və şagirdlər Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında dərin ehtiramlarını ifadə edirlər. Bu ziyarətlər gənc nəslin qəlbində Vətən sevgisini, şəhidlik məfhumunun ucalığını və qəhrəmanlıq ruhunu daha da möhkəmləndirir. Məktəblilərə Masallının və bütövlükdə Azərbaycanın qəhrəman oğullarının şücaətindən danışılır, onların igidliyi gənclərə nümunə kimi təqdim olunur.
Mehriban Rza qızı Əzizovanın əsas məqsədi bilikli, vətənpərvər, milli dəyərlərə bağlı, sağlam düşüncəli gənclər yetişdirməkdir. Bu istiqamətdə atılan hər bir addım, keçirilən hər bir tədbir gələcəyimizin etibarlı əllərdə olmasına xidmət edir.
Masallı bu gün haqlı olaraq həm təbiəti, həm insanları, həm də şəhid oğulları və fədakar təhsil işçiləri ilə fəxr edir. Belə ziyalı rəhbərlərin fəaliyyəti isə bir daha sübut edir ki, təhsil və vətənpərvərlik ayrılmaz anlayışlardır.
Çünki Vətəni sevən müəllim, Vətəni sevən nəsil yetişdirir