

Azərbaycanın qürur mənbəyi olan Qarabağ bu gün yalnız azad edilmiş torpaq deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik ruhunun və gələcək nəsillərin sağlam düşüncə ilə yetişdirildiyi müqəddəs bir məkandır. Qarabağın dirçəlişi ilə yanaşı, bu bölgədə fəaliyyət göstərən təhsil ocaqları da üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirir.
Məhz bu ali missiyanı məsuliyyətlə daşıyan ziyalı rəhbərlərdən biri də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, Müşfiqabad qəsəbəsində yerləşən körpələr evi-uşaq bağçasının müdiri Ayşə Rizvan qızı Qasımovadır. Onun şərəfli ömür yolu və səmərəli fəaliyyəti məktəbəqədər təhsil sahəsində nümunə kimi dəyərləndirilir.
Ayşə Qasımova uzun illərdir ki, təhsilin ən həssas və məsuliyyətli pilləsi olan məktəbəqədər təhsil sahəsində böyük fədakarlıqla çalışır. O, rəhbərlik etdiyi bağçanı yalnız təlim-tərbiyə müəssisəsi deyil, milli ruhun, vətən sevgisinin və insani dəyərlərin aşılandığı bir mərkəzə çevirməyi bacarmışdır. Onun işgüzarlığı, təşkilatçılıq bacarığı və prinsipiallığı müəssisənin fəaliyyətində öz müsbət nəticəsini göstərir.
Ayşə xanımın fəaliyyətinin əsas qayəsi körpə balaların sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyüməsidir. O, hər bir uşağa fərdi yanaşaraq onların psixoloji rahatlığını, mənəvi inkişafını daim diqqətdə saxlayır. Körpələrə göstərilən ana qayğısı valideynlərin də etimadını qazanmışdır.
Rəhbər kimi Ayşə Qasımova müəllim kollektivi və texniki işçi heyəti ilə səmimi, qarşılıqlı hörmətə əsaslanan münasibət qurur. Hər bir əməkdaşın əməyinə dəyər verilməsi, onların problemlərinə həssas yanaşılması kollektivdə sağlam mənəvi-psixoloji mühit formalaşdırmışdır. Bu isə təhsil keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərir.
Ayşə xanımın fəaliyyətində Şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı xüsusi yer tutur. Onların dərdinə şərik olmaq, problemləri ilə maraqlanmaq onun yüksək insani keyfiyyətlərinin bariz nümunəsidir. Bu münasibət bağçada tərbiyə alan körpələr üçün də canlı vətənpərvərlik dərsidir.
Ayşə Qasımova öz fəaliyyətində Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyi, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləməsi ilə seçilir. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın körpələrin dostu, uşaqların himayədarı kimi apardığı humanist siyasəti öz məsuliyyətli vəzifəsində hiss etdirir və əməli fəaliyyəti ilə davam etdirir.
Bağçada milli və tarixi günlərin qeyd olunmasına xüsusi önəm verilir. Xüsusilə 20 Yanvar faciəsi kimi qan yaddaşımız olan tarixi hadisələrin körpə balalara yaşlarına uyğun formada izah edilməsi, Vətənə sevgi və şəhidlərə ehtiram hissinin aşılanması Ayşə Qasımovanın prinsipial mövqeyinin göstəricisidir. Bu cür tədbirlər uşaqların milli kimlik şüurunun formalaşmasına mühüm töhfə verir.
Bu gün Qarabağda həyata keçirilən təhsil siyasətinin uğurlarında belə fədakar və məsuliyyətli rəhbərlərin rolu danılmazdır. Ayşə Rizvan qızı Qasımovanın zəhməti, peşəkarlığı və yüksək insani keyfiyyətləri onu cəmiyyət üçün nümunəvi bir ziyalı kimi tanıdır. Onun fəaliyyəti göstərir ki, körpə balaların tərbiyəsindən başlayan yol, güclü və vətənpərvər gələcəyin əsasını qoyur.