Üç il sonra o, "Dəlixanadan məktub"u yazıb - Video
Müğənni Elçin Hüseynov uzun fasilədən sonra yeni layihə ilə qayıdıb. Axşam.az xəbər verir ki, sənətçi əvvəlki ənənələrə sadiq qalaraq mətbuat konfransı keçirib. Media nümayəndələrini bir araya yığan E.Hüseynov klipini nümayiş etdirib və sualları cavablandırıb. "Dəlixanadan məktub" adlı mahnının sözləri Qismət Məsim, musiqisi Mir Şahin Ağalarova məxsusdur. İsmayıllıda çəkilən klipin rejissor işi Xəyal Hüseynə həvalə edilib. Tədbirin aparıcılığı Kazım Sübhana həvalə edilib. "Bu təqdimat məni illər əvvələ qaytardı. Mahnının maraqlı adı var. Elə şou-biznesi də dəlixana adlandırmaq olar" deyə, Kazım əlavə edib.
E.Hüseynov çəkilişlə bağlı məlumatlar verib: "İllər əvvəl təqdimat edirdik. Son illər isə bu ənənə yığışdırılıb. İstədim 3 il fasilədən sonra belə qayıdım. Jurnalistlərlə canlı ünsiyyət qurum. Çünki sənət adamlarının bu yerlərə gəlib çıxmasında medianın dəstəyi böyük olub. Klip İsmayıllıda çəkilib. Hava çox soyuq idi, qayıdandan sonra rejissor da, mən də xəstələndim. Amma gözəl iş ərsəyə gələndə çəkilən əziyyətə dəydiyini görürsən. Klip çəkilişində çox adam mənə dəstək oldu. Hamıya təşəkkür edirəm". Elçin mahnının ərsəyə gəlmə hekayəsindən söz açıb: "Sosial şəbəkədə bir şeir qarşıma çıxdı. Sözləri çox bəyəndim. "Dəlixanada məktub" Qismət Məsim adlı şairə məxsus idi. Göndərdim Mir Şahinə ki, buna musiqi bəstələsin. Əsas mahnıda sözdür. Musiqi də gözəl olanda tam yerinə düşür. Klipə az büdcə xərclənmədi. Amma tam məbləği açıqlaya bilmərəm. Bundan əvvəl süni intellektlə klip çəkdirdim. Amma bunlar real kliplərin yerini vermir. Mənim üçün mahnımın trendə düşməsi önəmli deyil. Mən trend yox, sənət üçün çalışmışam". E.Hüseynov bir neçə gün əvvəl sosial şəbəkədə yayılan xəstəxana görüntülərinə aydınlıq gətirib: "Əməliyyat olundum. İndi səhhətim yaxşıdır. Bir az da çəki atmışam. Üç ildir efirə çıxmıram. Bundan sonra artıq verilişlərdə görünəcəyəm".