
İnsan sağlamlığı hər bir dövlətin ən ali sərvəti, səhiyyə isə cəmiyyətin sağlam gələcəyinin təminatçısıdır. Azərbaycan səhiyyəsi uzun illər ərzində böyük inkişaf yolu keçərək bu gün regionun ən müasir və dinamik sahələrindən birinə çevrilmişdir. Bu inkişafın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, səhiyyə sisteminin möhkəmləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və əhalinin sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə yeni xəstəxanalar, tibb mərkəzləri tikilir, səhiyyə infrastrukturu müasirləşdirilir, əhalinin tibbi xidmətlərə əlçatanlığı daha da artırılır. Bu diqqət və qayğı səhiyyə işçilərinin fəaliyyətinə güclü stimul verir, onları daha böyük məsuliyyət və fədakarlıqla çalışmağa ruhlandırır.
Azərbaycan səhiyyəsinin bu inkişaf yolunda xüsusi xidmətləri olan fədakar tibb işçilərindən biri də Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cəmilə Talıbovadır. O, öz həyatını uşaqların sağlamlığına, onların gələcəyinin qorunmasına həsr etmiş, peşəsini yalnız bir vəzifə deyil, müqəddəs bir missiya kimi qəbul etmişdir.
Cəmilə xanım Talıbovanın şərəfli ömür yolu zəhmət, məsuliyyət və insan sevgisi ilə zəngindir. O, illər boyu qazandığı dərin tibbi bilik və zəngin təcrübəsi ilə yüzlərlə uşağın sağlamlığına qovuşmasına töhfə vermiş, valideynlərin ümid ünvanına çevrilmişdir. Onun rəhbərlik etdiyi Uşaq Bərpa Mərkəzi bu gün təkcə tibbi xidmət göstərən bir müəssisə deyil, eyni zamanda ümidlərin yenidən doğulduğu, valideynlərin inam tapdığı bir şəfa ocağıdır.
Cəmilə xanımın fəaliyyətində ən diqqətçəkən xüsusiyyətlərdən biri onun insanlara olan həssas və qayğıkeş münasibətidir. Mərkəzə üz tutan hər bir uşağa və ailəsinə xüsusi diqqət göstərilir, onların problemlərinə yalnız tibbi deyil, həm də mənəvi yanaşma nümayiş etdirilir. Xüsusilə aztəminatlı ailələrə göstərilən güzəştli xidmət, onların müalicəsinə yaradılan şərait Cəmilə xanımın yüksək humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət və qayğı isə onun vətənpərvərlik ruhunun ən ali təzahürüdür. Bu ailələrin övladlarına Uşaq Bərpa Mərkəzində növbədənkənar xidmət göstərilməsi, onların sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması Cəmilə xanım Talıbovanın həm həkim, həm də vətəndaş kimi yüksək mənəvi dəyərlərə sahib olduğunu bir daha təsdiqləyir.
O, dövlətin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan ruhlanaraq, öz fəaliyyətini daha böyük məsuliyyət və vicdanla davam etdirir. Ona müraciət edən heç bir insan onun diqqətindən və qayğısından kənarda qalmır. Bu isə onu təkcə peşəkar həkim deyil, həm də insanların hörmət və sevgisini qazanan nəcib qəlbli bir şəxsiyyət kimi tanıdır.
Bu gün Azərbaycan səhiyyəsinin qazandığı uğurlar məhz belə fədakar, vicdanlı və peşəsinə ürəkdən bağlı olan tibb işçilərinin zəhməti sayəsində mümkün olur. Cəmilə Talıbova kimi həkimlər öz fəaliyyəti ilə səhiyyənin əsas missiyasını — insan sağlamlığını qorumaq və yaşatmaq amalını layiqincə həyata keçirirlər.
Müqəddəs Ramazan ayının mənəvi paklıq, mərhəmət və xeyirxahlıq gətirdiyi bu mübarək günlərdə biz də Cəmilə xanım Talıbovanı səmimi qəlbdən təbrik edir, ona bu şərəfli missiyasında yeni-yeni uğurlar arzulayırıq. Diləyimiz budur ki, bu müqəddəs ayda tutulan oruclar, edilən dualar Uca Allah dərgahında qəbul olunsun, bu duaların nuru elimizə-obamıza, hər bir ailəyə sağlamlıq, bərəkət və ümid bəxş etsin.